Statistika komitəsi: İllik inflyasiya 2,6% olub

  12 Noyabr 2019    Oxunub : 976
 Statistika komitəsi: İllik inflyasiya 2,6% olub
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%z, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2% artıb.
Azvision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9% artıb.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, mebel və ev əşyalarının, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, televizorların, kondisionerlərin, mobil telefonların, sementin, parketin, boyaların qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının, avtomobillərin təmiri, restoran və kafelər tərəfindən göstərilən xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətləri bahalaşmış, mənzillərin icarə haqqı, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azvision.az

Teqlər: Statistika