Nazir: “Qeyri-şəffaf amillər aradan qaldırılmalıdır”

  12 Noyabr 2019    Oxunub : 752
 Nazir: “Qeyri-şəffaf amillər aradan qaldırılmalıdır”
“Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub”
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, görülən işlər nəticəsində son illər dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq: "Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var: “Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyyata inteqrasyia çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir. Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilmələrinin qarısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidr. Dünya rəqəmsal iqtisadiyyata doğru irəliləyir və bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsilin əmək bazarına tam uyğunlaşması təmin edilməlidir. İnsan kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişlənəcək”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Büdcə   Vergi   Mikayıl-Cabbarov