“Büdcə hesabına dövlət borcunun ödənilməsi azalacaq” - Palata sədri

 “Büdcə hesabına dövlət borcunun ödənilməsi azalacaq” -    Palata sədri
  20 Noyabr 2019    Oxunub:2301
"Növbəti ildə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər son illərdən fərqli olaraq azalma ilə proqnozlaşdırılıb. Bu, həmin məbləğin dövlət büdcəsinin gəlirlərinə nisbətinin azalma ilə nəzərdə tutulmasına gətirib çıxarıb".
Azvision.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məqaləsində bildirib.

Palata sədri qeyd edib ki, bu göstəricinin borcun büdcə gəlirləri ilə bağlanılması səviyyəsini ifadə etməsini diqqətə almaqla həmin göstəricinin azalma ilə proqnozlaşdırılması müsbət meyil olaraq qiymətləndirilməlidir:

"Borca xidmət xərclərində xarici dövlət borcu üzrə azalma proqnozlaşdırılsa da, xarici borcun payı yüksək olaraq qalmaqdadır. Ümumiyyətlə, qeyd edək ki, növbəti il üzrə xarici dövlət borcunun məbləği azalacaq ki, bu da Prezidentin bu sahədə müəyyən etdiyi hədəflərə - "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğundur. Müxtəlif yanaşmaların tətbiqi ilə aparılmış müqayisəli təhlil ölkəmizin bütün göstəricilər üzrə borc dayanıqlılığı vəziyyətinin məqbul olduğunu vurğulamaq imkanı verir.

Ümumilikdə qeyd edək ki, növbəti il üçün proqnozladırılmış büdcə göstəriciləri ölkənin qəbul edilmiş digər strateji sənədlərində, o cümlədən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə təsdiq olunmuş hədəflərə tamamilə uyğundur və dövlət büdcəsinin xərclərinin təhlili dayanıqlı inkişaf məqsədləri çərçivəsində qəbul etdiyimiz öhdəliklərin icrası ilə bağlı zəruri vəsaitlərin layihədə nəzərə alındığını göstərir".

Azvision.az


Teqlər: HesablamaPalatası   Sədr   VüqarGülməmmədov  





Xəbər lenti