"Ekspertin cibinə pul qoyurlar ki, meyiti yarmasın" - Tahir Kərimli

  25 Noyabr 2019    Oxunub : 1365
"Ekspertin cibinə pul qoyurlar ki, meyiti yarmasın" - Tahir Kərimli
“Azərbaycanda bir çox ölüm hadisələri baş verir. Adət-ənənə, müsəlmançılıq nəzərə alınmaqla 99 faiz halda meyit yarılmır və akt tərtib olunur ki, guya yarılıb. Əvəzində meyit yarılmadan ekspertin cibinə pul qoyulur ki, “çox sağol, az-çox sən bunu etdin”. Ona görə də bu sahədə korrupsiya var”.
Azvision.az xəbər verir ki, bunu deputat Tahir Kərimli “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, heç bir müstəntiq və ya məhkəmə meyitin yarılmasının zəruri şərtlərini irəli qoymur: “Bütün hallarda ölüm hadisələrində tələb qoyulur ki, meyit mütləq şəkildə yarılmalı və daxili müayinə olunmalıdır. İnsanın əzizi rəhmətə gedir, şokdadır. Amma bilmir bu dərdi çəksin, yoxsa kimsə gəlib deyir ki, meyit yarılmalıdır onu düşünsün. İnsanlar bundan olduqca narahat olur. Ona görə də qeyri-hüquqi və psixoloji məsələlər ortaya çıxır. Cərəyan vurması və ya suda boğulma halları üçün niyə meyit yarılmalıdır? Axı səbəb bəllidir. Ən dəhşətli fakt isə ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır. Həm vətəndaşların narazılığını, həm korrupsiya hallarını, həm də vaxt itkisini aradan qaldırmaq üçün bu məsələni də həll etmək lazımdır. Ancaq dövlət məhkəmə ekspertlərinin rəyini qəbul edirlər. Əgər özəl məhkəmə ekspertizası yaradılmasını istəyiriksə, niyə onlara hər hansı funksiya və səlahiyyət verməyək?!”

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   Deputat   TahirKərimli