İntiharların qarşısını almaq üçün Milli Fəaliyyət Planı hazırlanacaq

  26 Noyabr 2019    Oxunub : 1750
 İntiharların qarşısını almaq üçün Milli Fəaliyyət Planı hazırlanacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "İntiharların qarşısının alınması" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, orta hesabla son 45 ildə intiharların sayı 60 faiz artıb. İntihar edənlərin üçdə biri cavanlardır.

A.Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib. O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb.

"İntihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir. Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır".

Nazir müavini intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb.

"İlk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır. Hazırki tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiBMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur".

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN   İntihar