Sumqayıt atışmasında tutulanlara 2 ay həbs verildi

Sumqayıt atışmasında tutulanlara 2 ay həbs verildi
  16 Dekabr 2013    Oxunub:1221
Dekabrın 15-də Sumqayıtda baş vermiş insidentlə bağlı təqsirləndirilən 10 nəfər barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, həbs qəti imkan tədbiri seçilən zaman onların yanında dövlət tərəfindən təyin olunmuş vəkillər olub.

Saxlanılan şəxslərdən birinin vəkili Fariz Namazlının verdiyi məlumata görə, təqsirləndirilən şəxslərə Sumqayıt şəhər Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Hətta hadisə günü atışmada xəsarət alan Elnur Nəzərəliyev də yaralı halda xəstəxanadan Sumqayıt şəhər Məhkəməsinə gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.3-cü maddəsi üzrə cinayət işi başlanılıb”. Vəkilin sözlərinə görə, hələlik bununla bağlı onlara əlavə ittiham elan edilməyib: “Ehtimal edirik ki, təqsirləndirilən şəxslərə əlavə ittihamlar da veriləcək”.

Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü “Xəvarici”lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə maddi sübutlar götürülüb.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.


Teqlər:





Xəbər lenti