“Kapital Bank” “DevDay in Baku’19” tədbirini təşkil edib

  02 Dekabr 2019    Oxunub : 1216
“Kapital Bank” “DevDay in Baku’19” tədbirini təşkil edib
“Kapital Bank” IT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil edib. Layihə IT sahəsində dünya nəhəngi olan “IBM” şirkəti ilə birgə keçirilib. Tədbirdə müxtəlif şirkətləri təmsil edən yüzlərlə dinləyici iştirak edib.
Foruma “Kapital Bank”ın idarə heyəti sədrinin müavini, Baş informasiya inzibatçısı Nahid Zeynalov qatılıb. Həmçinin İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov məruzəçi qismində çıxış edib və təcrübəsini bölüşüb.

Tədbir proqram təminatı üzrə mütəxəssisləri, proqram mühəndislərini, UI/UX dizaynerləri və informasiya texnologiyaları üzrə digər mütəxəssisləri bir araya gətirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan ekspertlər iştirakçılarla öz təcrübələrini bölüşüb, həyata keçirdikləri layihələrlə bağlı biliklərini paylaşıblar.

Ekspertlər Azərbaycanın, Birləşmiş Krallığın, Almaniyanın, Koreya Respublikasının, Rusiyanın və digər ölkələrin şirkətlərini təmsil ediblər və bu sahədə intensiv təcrübəyə malikdirlər. Əsas sessiyalardan əlavə olaraq, iştirakçılar “Development”, “Microservices” və “Product Design” adlı sessiya istiqamətlərindən birini seçərək təqdimatlara qatıla biliblər.

“Hazırda “Kapital Bank”da IT sahəsinin inkişafı istiqamətində mühüm və davamlı işlər həyata keçirilir. Rəqəmsal və yenilikçi bank olmaq üçün güclü kadr potensialına malik olmaq önəmlidir. Bununla bağlı cari ildə bu sahəyə maraq yaratmaq məqsədilə tələbələri IT üzrə təcrübə proqramına dəvət etdik və nəticədə onlarla gənci işə götürdük. 2020-ci ildə də bu sahədə olan işləri davam etdirəcəyik və bazara yeni peşəkar mütəxəssislər təqdim edəcəyik”, - deyə “Kapital Bank”ın idarə heyəti sədrinin müavini, Baş informasiya inzibatçısı N.Zeynalov bildirib.

Qeyd edək ki, “Kapital Bank”da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda “Kapital Bank”da IT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində “IT Təcrübə” yazmaqla “[email protected]” ünvanına göndərə bilərlər.

Azvision.az

Teqlər: Bank