“Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli qoyulub

 “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli qoyulub
  09 Dekabr 2019    Oxunub:2665
“Zabrat” aeroportunun ərazisində “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməlqoyma mərasimi keçirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yeni “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan və Rusiya dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq.

Layihə “Rusiya Vertolyotları” səhmdar cəmiyyəti ilə birlikdə həyata keçiriləcək. Müvafiq saziş AZAL prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.

Tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra rəsmi təməlqoyma mərasimi keçirilib, tədbirin iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdiriblər.

“Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək kvalifikasiyalı mütəxəssislər üçün yeni iş yerləri yaradacaq və ölkənin müxtəlif məqsədlər üçün istifadə olunan vertolyot parkını əhatə etmək ilə yanaşı gələcək Servis Mərkəzində təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorlarını da cəlb edəcək.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı vertolyotun təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.

Azvision.az


Teqlər: AZAL   Rusiya  





Xəbər lenti