Bibiheybətdə çökən yol təmir edilir
Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində inşa ediləcək. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulacaq və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək.
Yağış və qrunt sularının axıdılması üçün yeni drenaj sistemi yaradılacaq. İstinad divarlarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılacaq.
AAYDA-nin “AzərYolElmiTədqiqatLayihə” institutunun hazırladığı layihəyə əsasən isə yol yatağında və yol əsasında təmir-bərpa işləri aparılacaq. Yaxın müddət ərzində sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır. Bunun üçün yolun azı 2 hərəkət zolağı bərpa edilərək hərəkətə məhdudiyyət aradan qaldırılacaq.
Xatırladaq ki, sözügedən yolda noyabr ayının 7-də AAYDA-nin əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.
Hazırda ərazidə təmir-bərpa işlərinin başlanılması üçün hazırlıq görülür.
Azvision.az