Qubernator Bakıda keçmiş uşaqlıq illərindən danışdı

 Qubernator Bakıda keçmiş uşaqlıq illərindən danışdı
  18 Dekabr 2019    Oxunub:3453
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov TASS agentliyinə müsahibəsində ailəsinin Azərbaycana necə gedib çıxması, Bakıda keçmiş uşaqlıq illəri barədə danışıb.
O deyib: “Azərbaycan bizim ailənin taleyində xüsusi rol oynayıb. Biz əslən Ryazandanıq. Vaxtilə bizim nəslin nümayəndələrinin bir qismi Neva sahilindəki şəhəri inşa ediblər, digərləri isə kənddə qalıb orada işləyiblər. Mənim valideynlərim ikinci qismə aid olanlardandır. Bizim kiçik kəndimiz Oqaryovı Vıselki adlanırdı. Hazırda bu kənd Ryazan vilayətinin Sasovski rayonuna daxildir”.

Qubernatorun sözlərinə görə, 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gediblər. A.Beqlov deyib: “1941-ci ildə mən hələ dünyaya gəlməmişdim. Bu barədə bildiklərimin hamısını yaşılardan eşitmişəm. Atamla birgə hərbi xidmət keçmiş dostları onu Xəzər sahilinə qonaq çağırıblar. Valideynlərim oraya çatandan az sonra müharibə başlanıb. Atamı dərhal cəbhəyə göndəriblər, anam isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atamın dostları anama və uşaqlara sığınacaq və bir tikə çörək veriblər”.

Beqlovun atası Böyük Vətən Müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov Bakıda doğulub. O, ailədə səkkizinci uşaq olub.

A.Beqlov vurğulayıb ki, Bakı onun üçün doğma şəhərdir. O deyib: “Bu şəhəri həmişə özüm üçün doğma saymışam, indi də heç nə dəyişməyib. Mən Bakıda doğulmuşam, orada boya-başa çatmışam. Bizim həyətdə yerli oğlanlarla dostluq edirdim, millətlər arasında heç bir fərq görmürdüm. Heç birimiz hansı dostumuzun hansı millətə mənsub olması barədə düşünmürdük. Hamımız bakılılar idik, birlikdə qaçır, oynayır, söhbət edirdik. Evlərimizin qapıları heç vaxt bağlanmırdı.

O vaxt hamı belə yaşayırdı. Necə deyərlər, təki ürək geniş olsun. Qonşuların dalaşması, bir-biri ilə münasibətləri ayırd etməsi yadıma gəlmir. İnsanlar mehriban yaşayır, bir-birinə kömək edirdi”. (AzərTAc)

Azvision.az


Teqlər: Qubernator   Bakı  





Xəbər lenti