Növbəti sosial evlər satışa çıxarılır
MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 16.10.2019 və 18.10.2019-cu il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillərdən 17-si 18 oktyabr 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Ümumilikdə, bu günədək keçirilən 5 satışın nəticəsində 1 385 ailə MİDA-nın ilk layihəsi – Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si birotaqlı, 794-ü ikiotaqlı, 344-ü isə üçotaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.
Bununla yanaşı, hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə MİDA-nın sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılıb. Hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Azvision.az
Teqlər: MİDA