Soyuq “Şahdağ”da isti qiymətlər - ARAŞDIRMA

Soyuq “Şahdağ”da isti qiymətlər -  ARAŞDIRMA
  25 Dekabr 2019    Oxunub:27420
Dekabrın 14-də “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib. Yeni mövsümə başlayan “Şahdağ” həm yerli, həm də xarici turistlərin sevimli məkanlarından birinə çevrilib. Ölkəmizə gələn xarici qonaqlar digər turizm mərkəzləri ilə yanaşı burada da istirahət etməyə üstünlük verirlər. Ümumilikdə isə son vaxtlar “Şahdağ”a üz tutanların sayında ciddi artım müşahidə edilir.
Bəs “Şahdağ”da qiymətlər necədir? Yeni qiymətlər turistləri qane edirmi?

Azvision.az “Şahdağ” Turizm Kompleksində müştərilərə təklif edilən qiymətlərlə bağlı araşdırma aparıb.

Belə ki, turistlər bura daha çox xizək sürmək üçün gəlirlər. Xizək icarəsinin qiyməti müxtəlifdir. Həftəsonu və bayram günlərində böyüklər üçün xizək paketi (bura xizək, xizək ayaqqabıları və dirəkləri daxildir) 50 manat, uşaqlar üçün isə 35 manatdır. Həftəiçi günlərdə qiymətlər müvafiq olaraq 40 və 25 manat olur.



Snoubord paketi həftəsonu və bayram günlərində 45 manat, uşaqlar üçün 30 manatdır. Həftəiçi günlərdə qiymətlər müvafiq olaraq 25 və 15 manat təşkil edir. Həmçinin snoubord ayaqqabısına böyüklər 18 manat, uşaqlar isə 15 manat ödəməli olurlar.

Bundan əlavə, xizək izi maşınında 30 dəqiqəlik gəzinti 25 manat, 1 saatlıq gəzinti 35 manatdır. Aeroxizək turundan istifadə etmək istəyənlər 10 dəqiqə üçün 25-45 manat ödəməlidirlər. Maşında əlavə adam olduqda 15 manat artıq ödəniş edilir.

Kompleks ərazisində kvadrosikldan istifadə bir nəfər üçün 25 manat nəzərdə tutulub. Əlavə bir nəfər də olduqda qiymət 40 manat təşkil edir.



Kanatla sürüşmə (zipline) bir dəfə üçün 10 manat, ikinci dəfə üçün 18 manatdır. Tandem paraplan uçuşları ilə adrenalin yaşamaq istəyənlər isə 100 manatlarından keçməlidirlər.

Açıq havada yerləşən uşaq əyləncə parkından 30 dəqiqəlik istifadə 3 manat, bağlı uşaq klubundan istifadənin qiyməti 10 manatdır.

Həmçinin, kanatdan istifadə böyüklər üçün 10 manat, uşaqlar üçün 7 manat nəzərdə tutulub. Həftəiçi günlərdə xizək sürmək istəyənlər kanatdan keçid bileti almağa 20 manat verirlər. Uşaqlar üçün bu qiymət 15 manatdır. Həftəsonu qiymətlər 20-25 manat olur.



Qeyd edək ki, bu qiymətlər xizək sürməyə yeni başlayanlar üçün hesablanıb. Xizək sürməyi öyrənmək məqsədilə müəllim istədikdə 1 saata 30 manat (həftəsonu 40 manat) ödəniş tələb olunur. Qrup dərsi olduqda isə qiymət 20 manatdır (həftəsonu 30 manat).



Əyləncələrlə kifayətlənməyib, kompleksin otellərində qalmaq da mümkündür. Qiymətlərə gəlincə, həftəiçi və həftəsonu “Zirvə” oteldə bir gecə qalmaq 130-220 manat, “Şahdağ” oteldə 150-300 manat, “Park Chalet”də 160-220 manat, “Pik Palace” oteldə 195-220 manatdır.



“Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler isə bildirib ki, bu il kompleksdə həm əyləncələr, həm də restoran bölməsində qiymətlər 15 faiz ucuzlaşıb. Onun sözlərinə görə, cari ildə qiymət siyasətində optimallaşdırma həyata keçirilib.







Aytən Zəhra
Azvision.az


Teqlər: Şahdağ   Qış   Xizək   İstirahət  





Xəbər lenti