Bir ildə ABADçıların sayı 420-yə çatıb

  07 Yanvar 2020    Oxunub : 1992
Bir ildə ABADçıların sayı 420-yə çatıb
“ABAD” publik hüquqi şəxs 2019-cu il ərzində öz fəaliyyətini uğurla davam etdirib. Bir il ərzində ABADçıların sayı 105 nəfər artaraq 420-yə çatıb.
ABAD-dan Azvision.az -a verilən məlumata görə, cari ildə mərkəzlərin də sayında artım olub. Belə ki, 4 yeni “ABAD” Bakaleyası “Gənclik Mall”, “20 yanvar” m/s yaxınlığı, “Babək” prospekti və Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketlərində açılaraq sayları 5-ə çatıb. Etno-butiklərin də sayı artıb, artıq Masallı “ASAN Həyat” kompleksi ərazisində də yeni satış mərkəzi fəaliyyət göstərir.

"Bundan başqa, Şamaxıda “ASAN Həyat” kompleksinin nəzdində daha bir “ABAD Food Hall” açılıb. Bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edilib.

2019-cu ildə “ABAD”ın fəaliyyətində yaddaşlara həkk olunan hadisələrdən biri də Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun keçirilməsi oldu. İki həftə ərzində Azərbaycan da daxil olmaqla 15 ölkədən olan xarici iştirakçı-keramistlər Mərkəzdə açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaratdılar.

Çox sevindirici hallardan biri də odur ki, qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. Artıq “Bravo” marketlər şəbəkisində siz yeni pendir və kolbasa növləri, kompotlar; meyvə şirələri və digər içkilər; pomidor turşusu; badımcan kürüsü; balqabaq tumu, qara zirə, kokos, badam və kərə yağları; meyvə quruları, un, çay, sarımsaq tozu, pelmeni, vareniki, düşbərələr, fındıq əzmələri əldə edə bilərsiniz".

Məlumatda qeyd edilib ki, il ərzində “ABAD” publik hüquqi şəxs Memorandum və Niyyət protokolu imzalayıb. Memorandum “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair, Niyyət Protokolu isə “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında imzalanıb.

2019-cu ilin fevral ayında “ABAD” publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb.

Azvision.az

Teqlər: ABAD