ABŞ-İran gərginliyi neftin qiymətinə necə təsir göstərir? - RƏY

 ABŞ-İran gərginliyi neftin qiymətinə necə təsir göstərir? -  RƏY
  08 Yanvar 2020    Oxunub:5631
ABŞ ilə İran arasında gərginliyin artması strateji məhsullar bazarına, xüsusən də neft bazarına təsir göstərir. Artıq neftin dünya bazarında qiymətində artımlar var. İran generalı Qasım Süleymani öldürülən gün dünya bazarında neftin qiymətində 4 faiz artım olub. Artıq "Brent" markalı neftin bir bareli 69 dollardan baha satılır.
Bunu Azvision.az -a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, son bir ay ərzində qızıl bazarında da qiymət artımları müşahidə olunur.

“Qızılın qiymətində 8 faiz artım qeydə alınıb. Hadisə baş verdikdən sonra qızılın qiymətində 5 faizə yaxın artım olub. Artıq bir unsiya qızılın qiyməti 1594 dollara satılır. Bu, əslində bir qram qızılın qiymətinin psixoloji həddən, yəni 50 dollardan baha satılması, 51 dollar 30 sentə təklif olunması anlamına gəlir. İki ölkə arasında gərginliyin artmasının Yaxın Şərqdə müharibə ilə əvəzlənməsi riski var. Bu da investorların strateji məhsullara investisiya yatırması qərarını verməsinə səbəb olur. Nəzərə alsaq ki, neftə olan tələbin əhəmiyyətli hissəsi Yaxın Şərq hesabına ödənilir. Nəticə etibarı ilə burada istənilən müharibə neft təklifinə mənfi təsir göstərəcək və bu da qiymət artımları müşahidə oluna bilər”.



V.Bayramlı qeyd edib ki, bu hadisələrin Azərbaycana iki istiqamətdə təsiri var: “Birincisi, neftin dünya bazarında qiymətinin artması neft ölkəsi olan Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərir. Azərbaycan regionda gərginliyin olmasında maraqlı ölkə deyil. Amma iqtisadi baxımdan qiymətləndirsək, bu hadisələr ölkəyə daha çox valyutanın daxil olmasına səbəb olub. Azərbaycanın gündəlik neft ixracatı 700 min bareldən artıqdır və neftin bir barelində bir dollar artım belə, ölkəyə daha çox valyutanın daxil olması anlamına gəlir. Xüsusən nəzərə alsaq ki, büdcədə neftin qiyməti 55 dollar nəzərdə tutulub və hazırda qiymət 70 dollara yaxındır. Bu mənada qiymət fiskal və monetar baxımından Azərbaycan üçün əlavə gəlirlər deməkdir. Yaxın Şərqdə müharibə baş verməsə belə, neftin dünya bazarında qiyməti 60-65 dollar intervalında dəyişəcək. Bu da fiskal və monetar baxımından Azərbaycan üçün məqbuldur”.

Ekspert ikinci istiqamət olaraq qeyd edib ki, qonşu ölkədə müharibə olarsa, bu, Azərbaycana daha çox miqrantın gəlməsinə səbəb olacaq.

“İranın cəlb olunduğu hər hansı müharibə Azərbaycan üçün arzuolunan deyil. Çünki İranda xeyli sayda etnik azərbaycanlı yaşayır. Müharibə baş verdiyi halda İrandan Azərbaycana daha çox miqrant gələ bilər. Bu da nə iqtisadi, nə də sosial baxımından Azərbaycan üçün arzuolunandır. Azərbaycan üçün ən uyğun ssenari regionda müharibənin olmaması və neftin, digər stareji məhsulların qiymətinin stabilləşməsidir”.

İranın Azərbaycanın ticarət tərəfdaşlarından biri olduğunu deyən V.Bayramlı hesab edir ki, qonşu ölkədə müharibənin olması iki ölkə arasında ticarət dövriyyəsinin həcminin azalmasına gətirib çıxara bilər.

“İran və Azərbaycan arasında iqtisadi münasibətlər mövcud ticarət əlaqələrimizin ümumi potensialını əhatə etmir. Lakin Azərbaycan-İran arasında ticarət dövriyyəsinin dinamikasına diqqət yetirsək, görərik ki, 2014-ci ildən ölkələr arasında ticarət əlaqələrində daha çox inkişaf müşahidə olunub. Xüsusən də bu, birgə investisiya qoyuluşları və digər formalarda özünü göstərir. Ticarət dövriyyəsində artımlar müşahidə olunur. 2018-ci ildə Azərbaycan-İran arasında ticarət dövriyyəsi 446 milyon dollar olub. 2015-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb. Nəticə etibarı ilə müharibə İrandakı biznesə, alıcılıq qabiliyyətinə təsir göstərəcək. Ona görə müharibə baş verəcəyi halda İranın bütün ölkələr, o cümlədən Azərbaycanla ticarət dövriyyəsində azalmalar olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İran   ABŞ   Neft  





Xəbər lenti