Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir
  15 Yanvar 2020    Oxunub:3961
Mərakeş Krallığının Azərbaycandakı səfirliyi “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə aqrar sektorda çalışan sahibkarlarla görüş təşkil edib. Görüş zamanı iki ölkə arasında ixrac imkanlarının artırılması və aqrar sahədə mümkün əməkdaşlıq perspektivləri haqqında məlumat verilib.
Tədbirdə çıxış edən səfir Adil Embarş Mərakeş ilə əməkdaşlığın strateji üstünlüklərindən və digər ölkələr ilə qarşılıqlı iqtisadi əlaqələrindən bəhs edib. Ölkəsinin dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən səfir Avropa İttifaqi, ABŞ, Türkiyə və ərəb ölkələri ilə sərbəst ticarət sazişinin imzalandığını xatırladıb.

O, qeyd edib ki, Mərakeş Afrikada sözügedən qitəyə investisiya edən ilk ölkədir. Bununla yanaşı, cənab Embarş dünya üzrə 186 liman və 77 ölkə ilə əməkdaşlıq edən Tanger Med limanının əhəmiyyətindən və əməkdaşlıq imkanlarından danışıb.

Həmçinin aprel ayında Mərakeşdə baş tutacaq 15-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SİAM) barədə də məlumat verilib. 2006-cı ildə Kral VI Məhəmmədin təşəbbüsü ilə yaradılan bu sərgi Afrikanın ən geniş sərgisidir. Bu baxımdan, sərginin azərbaycanlı aqrar istehsalçılar üçün də önəmi vurğulanıb və bildirilib ki, SIAM yerli istehsalçılara yeni bazarlara çıxmaq və dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməyə imkan yaradır.

“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi isə öz növbəsində sərgidə iştirak etmək istəyən yerli aqrar istehsalçılara iştirak ilə bağlı hər hansı məsələ ilə əlaqədar köməklik etməkdə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və yaxud emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq və s.-dən ibarətdir.

Günel İbrahimova
Azvision.az


Teqlər:





Xəbər lenti