“İslahatlar cəmiyyətin bütün institutlarına öz təsirini göstərəcək” - Səadət Yusifova

  “İslahatlar cəmiyyətin bütün institutlarına öz təsirini göstərəcək” -    Səadət Yusifova
  16 Yanvar 2020    Oxunub:8250
"2019-cu il Azərbaycan tarixində köklü islahatlar ili kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar həmişə davamlı xarakter daşıyıb".
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

Səadət Yusifova vurğulayıb ki, hazırda həyata keçirilən son islahatlar miqyasına və sürətinə görə, kəmiyyət və keyfiyyətinə görə əvvəlki illərdən ciddi şəkildə fərqlənir. Həm institusional məzmun baxımından, həm qanunvericilik yanaşması baxımından, həm də kadr potensialının yenilənməsi baxımından əvvəlkilərdən fərqlənir.

PA rəsmisi bildirib ki, medianın seçkilərdə rolundan danışarkən ilk növbədə son bir il ərzində ölkəmizdə həyata keçirilən islahatların mahiyyəti, onları şərtləndirən amillərin, hədəflərin qiymətləndirilməsi, bu islahatlarda medianın rolunun nədən ibarət olması” suallarına cavab verilməsi vacibdir:

"İslahatlar o dərəcədə genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına və təsisatlarına öz təsirini göstərəcək. Təbii ki, bu prosesin qlobal səbəbləri də var. Dünyada cərəyan edən qlobal transformasiya kontekstində ölkələr daxilində də ictimai-siyasi transfiqurasiya baş verir, daha da sürətlənir və dərinləşir. Nəticədə, nəinki texnoloji, həm də interaktiv kommunikasiyaya əsaslanan, ictimai rəyin mühüm rol oynadığı açıq informasiya cəmiyyətinin formalaşması baş verir və bu ictimai münasibətləri tamamilə yeni inkişaf mərhələsinə keçirir".

Səadət Yusifovanın sözlərinə görə, dövlətlərin bu dəyişikliklərə yanaşması pro-aktiv olduqda, nəticə də effektiv olur. Cənab Prezidentin sözləri ilə demiş olsaq, “gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq”.

"Nəsillər arasında tarixi varislik saxlanılmaqla, eyni zamanda yenilənmə, müasirləşmə prinsipinin tətbiqi, başqa sözlə desək, yaşlı və orta nəslin təcrübəsi ilə gənc nəslin çevikliyi, təşəbbüskarlığı və innovativliyinin sintezi bu islahatlar kursunun əsas leytmotividir. Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün dövlət idarəçilik institutlarının zamanın tələblərinə uyğun olaraq müasir, effektiv şəkildə yenidən qurulması zəruridir. Bu proses bütün hakimiyyət qollarını əhatə etməlidir. Hazırki parlament seçkiləri də məhz bu islahatlar kursunun ayrılmaz tərkib hissidir".

Azvision.az


Teqlər: PA   Səadət-Yusifova  





Xəbər lenti