Kredit Bürosuna ötən il 12 yeni təşkilat qoşulub

  17 Yanvar 2020    Oxunub : 1596
Kredit Bürosuna ötən il 12 yeni təşkilat qoşulub
Azərbaycan Kredit Bürosu (Büro) 2019-cu il ərzində 2 BOKT, 3 lizinq şirkəti, 2 kredit ittifaqı, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu da daxil olmaqla 12 yeni təşkilatla müqavilə imzalayıb.
Azvision.az quruma istinadən xəbər verir ki, büro tərəfindən hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondu, 30 bank, 14 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru və 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanmışdır və 2019-cu ilin yekununa olan göstəriciyə görə Büronun əməkdaşlıq etdiyi təşkilatların sayı 120-dən 132-yə qalxıb.

2019-cu il ərzində Büro ilə məlumat mübadiləsi aparan təşkilatlar tərəfindən 2 882 846 sorğu həyata keçirilib. Bu göstərici illik müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 56% çoxdur.

Qeyd edək ki, 2018-ci il ərzində müvafiq sistemdən kredit təşkilatları tərəfindən 1,845,144 sorğu yerinə yetirilib. Büroya edilən sorğuların 2 572 178-i banklar, 309 939-u bank olmayan kredit təşkilatları, 137-si nisyə mal alqı-satqısı və 502-si lizinq şirkətləri, 90-ı isə kredit ittifaqı tərəfindən həyata keçirilib. Büronun skorinq xidmətindən isə il ərzində ümumilikdə 1 923 000 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 67%-ni təşkil edir.

İl ərzində kredit hesabatı əldə etmək məqsədi ilə kredit tarixçəsi subyektləri tərəfindən Büroya 31 377 müraciət daxil olunub. Müraciət etmiş şəxslərin 31 230-u fiziki, 147-si isə hüquqi şəxsdir.

Azvision.az

Teqlər: