Almaniya ilə aqrar sahədə əməkdaşlıq müzakirə olunub

  18 Yanvar 2020    Oxunub : 1808
Almaniya ilə aqrar sahədə əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir. Səfərdə məqsəd Berlində keçirilən 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisində, 12-ci “Kənd Təsərrüfatı Nazirlərinin Berlin Konfransı”nda və 12-ci “Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumu”nda iştirak etməkdir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, nazir Inam Kərimov səfər çərçivəsində Almaniya Bundestaqının Ərzaq və Kənd Təsərrüfatı Komitəsinin sədri Alois Gerig ilə görüşüb. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə danışılıb, aqrar sahənin qeyri-neft sektorunun inkişafında prioritet sahə hesab olunduğu bildirilib. Bundestaqın komitə sədrinə bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, kənd təsərrüfatının əsas inkişaf istiqamətləri, aqrar sahədə innovasiyaların, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar sektora dövlət dəstəyi barədə məlumat verilib. Nazir Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin hər il daha da genişləndirildiyini vurğulayıb, aqrar sahənin inkişafı üçün əlverişli investisiya mühitinin yaradıldığını qeyd edib. Görüşdə Azərbaycan və Almaniyanın aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Alois Gerig bildirib ki, Azərbaycanda aqrar xidmətlərin elektronlaşdırılmasını yüksək qiymətləndirir. Bu prosesi təkmilləşdirmək üçün ölkəsinin texnologiya transferinə hazır olduğunu deyən komitə sədri aqrar təhsil sahəsində əməkdaşlığın vacib əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, azərbaycanlı gənclər Almaniyada təşkil olunan təlim proqramlarından geniş faydalana bilərlər.

Görüşdə Azərbaycanın Avropanın müxtəlif ölkələri ilə təhsil sahəsində mübadilə proqramlarında iştirakı barədə məlumat verilib, azərbaycanlı fermerlərin Almaniyaya səfər edərək müasir aqrar texnologiyalarla tanışlığı üçün imkanların yaradılmasının vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan-Almaniya Kənd Təsərrüfatı Forumunun keçirilməsi ətrafında da müzakirələr aparıblar.

Nazir İnam Kərimov səfər şərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Michael Harms ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Almaniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensialı barədə fikir mübadiləsi aparılıb. Nazir Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Almaniyanın aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının geniş ixrac potensialı var, hazırda aqrar sahənin inkişaf strategiyasında əsas prioritetlərdən birini aqrar emal sənayesinin müasirləşdirilməsi, yeni emal müəssisələrinin qurulması təşkil edir. Tərəflər kənd təsərrüfatı sahəsində Almaniya şirkətləri ilə ortaq müəssisələrin yaradılmasının mümkünlüyü, mövcud əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi ətrafında müzakirələr aparıblar.

Michael Harms Azərbaycanın kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə tanış olduğunu və məhsullarımızı bəyəndiyini deyib. Almaniya şirkətlərinin Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya yatırmaqda maraqlı olduğunu qeyd edən Michael Harms bildirib ki, keçirilməsi planlaşdırılan Azərbaycan-Almaniya Kənd Təsərrüfatı Forumu iki ölkə arasında mövcud əlaqələri və tərəfdaşlığı daha da möhkəmləndirəcək. Aqrar sektorun nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və təcrübə mübadiləsi aparılması təklifini müsbət dəyələndirən Michael Harms bu istiqamətdə görüləcək işlərə tam dəstək verəcəklərini bildirib.

Nazir İnam Kərimov səfər çərçivəsində Almaniyanın İqtisadi Keçid yaşayan Ölkələrin Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnitz İnstitutunun direktoru Tomas Qlauben ilə görüşüb. Görüşdə kənd təsərrüfatının inkişafında aqrar tədqiqatların roluna toxunulub. Qeyd olunub ki, iqlim dəyişiklikləri fonunda yeni çağırışlara cavab vermək üçün kənd təsərrüfatına dair tədqiqatların aparılması vacibdir. Nazir Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti barədə qarşı tərəfi məlumatlandırıb və bildirib ki, hazırda Mərkəz tərəfindən kənd təsərrüfatında mövcud trendlər, aqrodataların toplanması, təhlili və analizi həyata keçirilir. Qeyd olunub ki, mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq təcrübənin öyrənilərək Azərbaycanda tətbiqi üçün modellərin hazırlanmasından ibarətdir. Bu məqsədlə ATM-in əməkdaşları beynəlxalq mübadilə proqramlarında iştirak edir, apardıqları tədqiqatların nəticələrini xarici tərəfdaşlarla bölüşürlər.

Tomas Qlauben Leybnitz İnstitutu tərəfindən Qafqaz və Mərkəzi Asiyada aqrar siyasət göstəriciləri, kənd təsərrüfatında ixracın artırılması, dəyər zəncirlərinin yaradılması istiqamətində araşdırmalar aparıldığını deyib və bu istiqamətdə Aqrar Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib. Müzakirələr zamanı Leybnitz İnstitutu ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə olunub.

Naziri İnam Kərimov, həmçinin Belarus Respublikasının Ərzaq və Kənd Təsərrüfatı naziri Anatoli Xotko ilə görüşüb. Qeyd olunub ki, son illər kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus əməkdaşlığı sürətlə inkişaf edir. İki ölkənin nazirlikləri arasında ötən il imzalanmış əməkdaşlıq sazişində müəyyən olunmuş istiqamətlər üzrə işlərin uğurla davam etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Belarus hər iki ölkədə istehsal və emal olunan kənd təsərrüfatı məhsullarının qarşılıqlı olaraq yeni bazarlara çıxışının müəyyən edilməsi və ixrac potensialının artırılması üçün birgə fəaliyyəti gücləndirib. Hazırda aqrar sektorda investisiyaların qarşılıqlı təşviqi və kənd təsərrüfatında investisiya tələb edən prioritet istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi imkanları araşdırılır.

İnam Kərimov və Anatoli Xotko qeyd ediblər ki, hazırda aqrar sahədə Azərbaycan-Belarus əməkdaşlığı çoxtərəfli inkişaf etsə də, əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensial mövcuddur.

Görüşdə Azərbaycanın Belarusla kənd təsərrüfatı texnikalarının birgə istehsalı, heyvandarlıq, bitkiçilik, aqrar-sənaye komplekslərinin yaradılması istiqamətlərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirməsi barədə razılıq əldə edilib. Tərəflər bu məqsədlə birgə məsləhət və təlim proqramlarının, seminarların, konfransların təşkil edilməsi barədə də razılığa gəliblər. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edir.

Azvision.az

Teqlər: Almaniya   KTN