Davos Forumu Azərbaycan üçün niyə önəmlidir? - Professor rəyi

  Davos Forumu Azərbaycan üçün niyə önəmlidir? -    Professor rəyi
  23 Yanvar 2020    Oxunub:3729
Davos İqtisadi Forumunda iştirak ilk növbədə Azərbaycana texnologiyaların idxalında perspektivlərin açılması və iqtisadi əlaqələrin inkişafı baxımından önəmlidir.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətini Azvision.az -a şərh edərkən deyib.
Onun sözlərinı görə, Azərbaycanın iqtisadi potensialı bu gün investisiya siyasətinin daxili mənbələr hesabına reallaşmasına imkan verir: “Bununla yanaşı müəyyən seqmentlər var ki, bunlar texnologiyalarla bağlıdır. Texnologiyaların inkişafı üçün Davosda iri transmilli şirkətlərin rəhbərlərinin, potensial investorların olmasını nəzərə alaraq burada müəyyən perspektivlər var. Təsadüfi deyil ki, dövlət başçısı iri transmilli şirkətlərin rəhbərləri ilə prioritet olaraq Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir. Prezident İlham Əliyevin çalışdığı əsas istiqamət məhz ölkəyə texnologiyaların idxalından ibarətdir. Biz görürük ki, bu istiqamətlərdə müəyyən müsbət nəticələr əldə olunmaqdadır”.



E.Məmmədov Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılmasının ölkəmiz üçün əhəmiyyətli olacağını vurğulayıb.

“Regional mərkəz potensial investorların ölkəmizə marağının artmasına xidmət etməlidir. Bu gün dünya iqtisadiyyatında bütövlükdə xarici investisiyaların əksər hissəsi texnologiyalarla, birbaşa investisiyalarla bağlı deyil. Texnologiyaların idxalından fayda görə bilərik. Hədəfimiz də məhz bundan ibarət olmalıdır ki, ölkəyə texnologiyaların idxalını təmin edək. Bu üsulla ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini artıra bilək”.

İqtisadçı hesab edir ki, Azərbaycan üçün prioritet qeyri-neft və real sektorun inkişafıdır: “Ölkədə sənayeləşmə ilə bağlı ciddi təlabat var və dövlət başçısı ölkə iqtisadiyyatının modernləşməsi üçün ciddi islahatlara gedir. Bütövlükdə yüksək texnoloji sektorun müasirləşməsi, modernləşməsi ölkəmizə ciddi töhfələr verə bilər. Hazırda bu məsələlər təhlil edilməlidir. Bunun əsasında milli iqtisadiyyatımızın maraqlarına uyğun şəkildə xarici investisiyaların birbaşa invesitisayalar və ya texnologiyalar şəklində ölkəmizə daxil olmasına şərait yaratmalıyıq”.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçirilir. 21-24 yanvar tarixlərini əhatə edəcək iqtisadi forumda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunur.

Azərbaycan Prezidenti İlham Əliyev də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edir. Ölkə başçısı səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Davos   Forum  





Xəbər lenti