Qeyri-neft sektoru üzrə ixrac 10 faiz artıb

  29 Yanvar 2020    Oxunub : 1304
Qeyri-neft sektoru üzrə ixrac 10 faiz artıb
Ötən il 2018-ci illə müqayisədə pambıq lifinin ixracı 54 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 51 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz artıb.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla xəbər verir ki, keçən ilin dekabrında qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin eyni ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 16 milyon dollar və ya 10 faiz artıb. Ötən ilin dekabrında qeyri-neft-qaz məhsulları ən çox məhsul Rusiyaya (68,3 milyon dollar), Türkiyəyə (38,4 milyon dollar), İsveçrəyə (15,1 milyon dollar), Gürcüstana (8,5 milyon dollar) və Özbəkistana (6,7 milyon dollar) ixrac edilib.

Dekabrda qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon dollar) birinci, xurma (20,1 milyon dollar) ikinci, pambıq mahlıcı (14,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.


Azvision.az

Teqlər: Neft