Bu il dövlət xətti ilə 40 minə yaxın iş yeri yaradılacaq

Bu il dövlət xətti ilə 40 minə yaxın iş yeri yaradılacaq
  04 Fevral 2020    Oxunub:2268
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılmasından ətraflı bəhs olunub.
Azvision.az -ın məlumatına görə, Prezident İlham Əliyev qeyd edib ki, o, ölkəmizdə işsizliyin bir qədər artdığı vaxtda həmin təşəbbüsü irəli sürüb və bunun səbəbi neftin qiyməti 4 dəfə aşağı düşməsi və məcburi şəkildə investisiya xərclərinin ixtisar edilməsi olub.

Konfransda Prezident bu barədə deyib: “Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır”.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq”,- deyə dövlət başçısı əlavə edib.

Azvision.az



Teqlər: Prezident   Konfrans   İş  





Xəbər lenti