Hansı bankların lisenziyası ləğv olunacaq? - Ekspert rəyi

   Hansı bankların lisenziyası ləğv olunacaq? -    Ekspert rəyi
  04 Fevral 2020    Oxunub:10444
Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda özəl banklara ciddi xəbərdarlıq edib. Prezident bildirib ki, bütövlükdə özəl banklar ölkənin iqtisadi inkişafına təkan verməlidir.
“Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcək”.

Bankların bu gün biznes kreditlərindən çox istehlak kreditləri verdiyini deyən tanınmış ekspert Əkrəm Həsənov Azvision.az -a açıqlamasında bildirib ki, ölkə iqtisadiyyatının biznes kreditlərinə ehtiyacı daha çoxdur.

“Banklar üçün istehlak kreditləri vermək daha çox sərf edir, çünki faiz dərəcələri yüksəkdir və yaxşı gəlir əldə edirlər. Amma bu zaman istehlakçıların ödəniş qabiliyyətinə fikir vermirlər, şəxsin krediti qaytara biləcəyinə baxmırlar. Problemli kreditlərlə bağlı ötən il dövlət banklara kömək etdi. Bankların bir növ “ayaqları yer aldı”. Bank fikirləşir ki, sahibkara niyə kredit versin? Orada faiz azdır, sahibkar krediti qaytarmayanda onun yerinə heç kəs ödəmir. Amma vətəndaşın yerinə dövlət qaytarır. Dövlət ölkədə sosial narazılığın artmasını istəmir, digər tərəfdən dövlət problemli kreditlərini ala bilməyən bankların lisenziyasını da ləğv etmək istəmir”.



Ə.Həsənovun sözlərinə görə, banklarda əminlik var ki, dövlət kömək edəcək və bank lisenziyaları ləğv edilməyəcək. Bu istiqamətdə ciddi tədbirlər görülməlidir.

“Prezidentin dünənki çıxışı banklara xəbardarlıq idi ki, onlar problemli kreditlərini əhalidən yığa bilməsə, onlara bir daha kömək edilməyəcək. Bir sıra ölkələrdə olduğu kimi dövlət vətəndaşın özünü müflis elan etməsi kimi qanun qəbul edəcək. Belə ki, vətəndaş özünü müflis elan edə bilər və onun borcunu heç kəs qaytarmayacaq. Nəticədə heç bir sosial narazılıq da olmayacaq. Dövlət imkan verməyəcək ki, bank vətəndaşın üzərinə getsin. Vətəndaşın sadəcə borcu üzərindən silinəcək. Bank problemli kreditlərini yığa bilmədiyi üçün maliyyə vəziyyəti pisləşəcək və dövlət onun lisenziyasını əlindən alacaq. Bu xəbərdarlıq son nəticədə ona xidmət etməlidir ki, banklar vətəndaşlara deyil, sahibklarlara kredit versin ki, ölkədə iqtisadi artım olsun, iş yerləri artsın. Prezidentin dünənki çıxışından sonra bankların hansı addımları atacağını maraqla gözləyirik”

Aytən Zəhra
Azvision.az


Teqlər: Bank   Eskpert  





Xəbər lenti