Regionların 4-cü inkişaf proqramında əsas məqsəd nədir? – TƏHLİL

   Regionların 4-cü inkişaf proqramında əsas məqsəd nədir? –    TƏHLİL
  05 Fevral 2020    Oxunub:4795
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının birinci ili arxada qaldı. Sayca dördüncü olan bu proqramın ilk ili uğurla həyata keçirilib. Ötən il iqtisadiyyat 2,2 faiz artıb, neftin dünya bazar qiymətləri sabit qalıb, qeyri-neft sektorunda 3,5, sənaye istehsalında 1,8 faiz artım qeydə alınıb, qeyri-neft sənaye istehsalı 14,3 faiz yüksəlib. Belə şəraitdə regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramın ilk ili də nəzərdə tutulduğu kimi həyata keçirilib və heç bir maneə ilə rastlaşmayıb.
Ümumiyyətlə, ölkəmizin ümumi iqtisadi inkişafında regionların sosial-iqtisadi həyatında görülən işlər böyük rol oynayır. Bilavasitə regionların sosial-iqtisadi inkişafına dair ardıcıl surətdə qəbul olunaraq icra edilən üç Dövlət Proqramının və o cümlədən, dövlətin və hökumətin ayrıca olaraq həyata keçirdiyi tədbirlər nəticəsində bölgələrdə sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edilib. Söhbət son 16 ildən gedir. Və bu, özünü ölkə üzrə ÜDM istehsalında, sənaye və kənd təsərrüfatı sahəsində, işsizliyin azalması və yoxsulluq səviyyəsi kimi göstəricilərdə büruzə verir.

2003-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2, xarici ticarət dövriyyəsi 6,4, ixrac 7,6, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə yüksəlib. Valyuta ehtiyatlarımız isə 30 dəfəyə yaxın genişlənib. Dövlət başçısı konfransda xatırtlatdı ki, 2003-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar idisə, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatır. Yeri gəlmişkən, neftin dünya bazar qiymətləri bir ara, dəqiq desəm, 2014-2016-cı illərdə enməsə idi, sözügedən rəqəm hazırda 70 milyarda yaxın təşkil edirdi. Həmin müddətdə Mərkəzi Bank rəsmi ehtiyatlarından 11 milyard dollardan çox vəsait itirdi. Sözüm bunda deyil. Son 16 il ərzində yoxsulluq 50 faizdən 4,8 faizə düşüb. Orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb.

Sözün qısası, regionların inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olub və olaraq da qalır. Və regionların inkişafı sahəsində qəbul edilən, həyata keçirilən proqramlarda, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun genişlənməsinə, yoxsulluq səviyyəsinin azalmasına təkan verib.

Bütün bunlar çox yaxşı... Ancaq, bütün bunlara qane olmaq olarmı? Xeyr.

Konfransda Prezident də qeyd etdi ki, bunlar kifayət deyil, hələ görüləsi işlər çoxdur. Bəli, dördüncü proqramdan əvvəlki üç proqram çərçivəsində böyük işlər görülüb. Amma iş bundadır ki, tələblər yerində donub qalmayıb, yeni çağırışlar və yeni problemlər ortaya çıxır. Ən birincisi də odur ki, ölkə əhalisinin sayı artır, tələbat genişlənir, yeni-yeni ehtiyaclar meydana gəlir. Bütün bunları da qarşılamaq zərurəti yaranır. Yuxarıda son 16 ildə əldə olunan uğurları rəqəmlərlə göstərdim, amma əlavə etmədim ki, qeyd edilən müddətdə əhalinin sayı da 1,6 milyon nəfərdən çox artıb. Və indi biz, 10 milyon nəfərik...

Bu tendensiya davam edir. Deməli, iş yerlərinin açılması da daimi xarakter daşımalı, sosial tələblər daha artıq səviyyədə təmin olunmalı, vətəndaşların maddi gəlirləri yüksələn xətt üzrə inkişaf etməlidir. Yəni, iqtisadiyyat genişlənməlidir.

Bundan əvvəlki üç proqramın icrasının yekunlarına əsasən qeyd olunmuşdu ki, ötən müddətdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılmış, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə enmişdir. Əhalinin sayı 1,6 milyon nəfər artıbsa, yeni iş yerlərinin yaranması prosesi deməli, bunu üstələyib. Bax, məhz bu tendensiyanı qoruyub saxlamaq lazımdır. Yəni, əhalinin sayı artmaqda olduğundan, yeni iş yerlərinin yaranması prosesi də buna uyğun cərəyan etməlidir. Bunun üçün isə kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sektorları durmadan inkişaf etməlidir ki, hökumətin və dövlətin çalışdığı, nail olmaq istədiyi məqsəd də məhz bundan ibarətdir. Yəni, regionlar daha da inkişaf etsin, bölgələrdə istehsal sahələrinin yaradılmasıyla yeni-yeni iş yerlərini təşkil edilsin, bütövlükdə ölkənin xarici bazar və müxtəlif xarakterli təsir və təzyiqlərdən yaxa qutararaq iqtisadi təhlükəsizliyinə nail olunsun və sair.

Bu baxımdan, dördüncü proqramın icrasının ilk ilinin uğuru həm də onunla səciyyələnir ki, keçən il ölkədə qeyri-neft sənayesi 14 faizdən çox artıbsa deməli, yeni iş yerləri açılıb. Statistikaya əsasən, 2019-cu ildə 98 min yeni iş yeri yaranıb. Nəzərə alsaq ki, əhalinin artım sürəti ilə əlaqədar hər il əmək bazarına təxminən 100 min işçi qüvvəsi daxil olur, demək, bu, olduqca qənaətbəxş göstəricidir.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramda qarşıya qoyulan əsas hədəf kənd təsərrüfatı ilə sənayeni inkişaf etdirməkdir. Ötən üç proqram nəticəsində bölgələrdə böyük və müasir infrastruktur yaranıb. Bu, vacib məsələ idi. İqtisadiyyatın istənilən sahəsində inkişafa nail olmaq, emal və istehsal müəssisələri yaratmaq üçün müvafiq infrastruktur təşkil olunması vacib məsələ idi. Bu baxımdan, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və sair təminatı sahəsində böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb.

Bəzi dairələr qeyd edirlər ki, son 16 ildə regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə gəlirlilik əldə edilməyib, bölgələrin ümumi gəlirdə payı az təşkil edir. Amma unudulur ki, infrastruktur çox pul aparan, iqtisadiyyatın real sektoru kimi gəlir gətirən sahə deyil. Ona görə də, indi əsas diqqət regionlarda emal, istehsal sahələrinin inkişaf etdirilməsinə yönəlməlidir və yönəldilib də...

Təkrar edirəm: kənd təsərrüfatı, sənaye istehsalı dördüncü proqramın qayəsini təşkil edir. Yəni, iqtisadiyyatda real sektoru, kənd təsərrüfatını, sənayeni gücləndirmək əsas məqsəd sayılır. Xammal satışı üzərində köklənməklə ildə 100 minə yaxın iş yeri açmaq mümkün deyil. Odur ki, regionların bundan sonrakı inkişafında əsas diqqət sırf yerli xammal əsasında işləyən istehsal müəssisələri yaratmaq üzərində cəmləşməlidir. Bəli, bir sıra emal müəssisələri, istehsal sahələri var. Lakin bu müəssisələrin yerli aqrar istehsalçılarla əlaqəsi zəifdir, yaxud heç yoxdur. Dördüncü proqram çərçivəsində istehsal və emal müəssisələri yaradılarkən yerli istehsalçılarla əlaqəyə diqqət regionların bundan sonrakı inkişafında əsas vəzifə sayılmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti