Siyasət mətbəxinin lazımsız AŞPAzı – TƏHLİL

   Siyasət mətbəxinin lazımsız AŞPAzı –    TƏHLİL
  07 Fevral 2020    Oxunub:5112
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Avropa Şurası Parlament Assambleyasının ünvanına sərt tənqidlə çıxış edib. Dövlət başçımız AŞPA-nın fəaliyyətindəki qeyr-konstruktivliyə bir neçə rakursdan münasibət bildirib.
İlham Əliyev ilk növbədə AŞPA-nın 20 ildən çoxdur Azərbaycan və Türkiyəyə qarşı tutduğu qərəzli mövqedən söz açıb. “Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəyə qarşı eyni münasibət isə daha uzun müddətdir ki, davam edir”,- deyən prezident əlavə edib ki, “O illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”.

Prezidentin bu məqamı xüsusi vurğulaması təsadüfi deyil. Avropa siyasi məkanında islamofob və irqçı cərayanların baş qaldırması özünü AŞPA-nın fəaliyyətində də göstərir. Parlament Assambleyasında ayrı-ayrı dövlətləri təmsil edən deputatlar həmin ölkələrin parlamentlərinin üzvləridir və onlar sürətli inkişafa nail olmuş müsəlman Türkiyə və Azərbaycana qarşı çıxmaqla öz cəmiyyətlərində olan islamafob və irqçı cərəyanların dəstəyini qazanmağa calışırlar. Avropa məkanında son illərdə formalaşmış islomafob və irqçı əhval-ruhiyənin başlıca səbəbi münaqişə zonalarından bu ölkələrə miqrasiya etmiş müsəlmanlarla yerli əhali arasında yaranan problemlərdir ki, dərinə gedəndə, həmin münaqişələrin əsil səbkarı da elə Qərbin özüdür.

Digər tərəfdən, Azərbaycan və Türkiyənin BTC, TANAP kimi müştərək qlobal layihələri iki müsəlman-türk dövlətinin Avropaya təsir imkanlarını artırır. Üstəgəl, “Türk axını” layihəsinin də işə düşməsi Rusiya qazının Türkiyə ərazisindən Avropaya ixracını nəzərdə tutur ki, bu da Avroatlantik məkanın Ankara və Bakıdan asılılığını artıran faktorlardır. Bundan əlavə, Şərq-Qərb və Şimal-Cənub ticari-nəqliyyat xətlərində Azərbaycan və Türkiyənin əsas rol oynamaları Avropanın indidən narahatlıq keçirməsinə səbəb olur. Məhz bu səbəbdən Qərb “demokratik institut” adlandırdığı AŞPA kimi qurumların vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiq göstərməyə çalışırlar ki, Ankara və Bakı öz əllərində olan iqtisadi təsir mexanizmələrindən milli maraqlarını reallaşdırmaq üçün istifadə edə bilməsinlər.

Ancaq əminliklə demək olar ki, artıq AŞPA qlobal mənada təsirli qurum hesab edilmir və müxtəlif sifarişləri yerinə yetirdiyinə görə çoxdan öz nüfuzunu itirib. Prezident İlham Əliyevin “Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil, nüfuzu çox aşağı düşüb” deməsi əslində Qərbə bir mesajdır ki, Azərbaycan bu təzyiqlər qarşısında öz milli maraqlarından imtina etmək niyyətində deyil.

Prezidentin vurğuladığı digər məqam isə, AŞPA-nın Ermənistanla müqayisədə Azərbaycana qarşı riyakarcasına daha tənqidi mövqe tutması ilə bağlıdır: “Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur, qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunların hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub. O, fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıb və mətbuatda yayılan məlumata görə, işi məhkəməyə verilib. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasından vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır”.

Bütün bunlardan sonra istər-istəməz tamamilə haqlı sual ortaya çıxır: Bu ikili yanaşmaya səbəb nədir? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət?

Doğurdan da, nəyə görə AŞPA Ermənistanda mövcud hakimiyyətin əsas siyasi rəqibləri sayılan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla bağlı məsələlərə heç bir reaksiya bildirmir? Nəyə görə Ermənistanda müxalif mövqeli QHT və mətbuat orqanlarının siyasi səbəblərlə qapadılmasına göz yumur? Keçən il müxalifətçi partiya funksioneri və jurnalist Mqer Yegizaryanın aclıq aksiyası nəticəsində vəfat etməsi nəyə görə AŞPA-nın diqqətindən yayındı?

Bu, ilk növbədə, artıq qeyd olunduğu kimi, Avropada hökm sürən islamafob əhval-ruhiyə ilə bağlıdır. Eyniylə, Gürcüstanda sabiq müdafiə naziri, “Qalib Gürcüstan” siyasi hərəkatınının lideri İrakli Okruaşvillinin, hərəkatın digər fəalı Quram Çalaqaşvillinin həbsinə, sabiq prezident Mixail Saakaşvilliyə, Ukraynada isə sabiq prezident Pyotr Poroşenkoya qarşı cinayət işinin açılmasına da AŞPA heç bir reaksiya bildirmədi.

Digər tərəfdən, Avropa Qafqazda erməni faktorunun rolunun artmasında maraqlıdır və Azərbaycanla Türkiyənin müştərək qlobal iqtisadi layihərindən Ermənistanın kənar düşməsi Qərbi narahat edir. Qərb hər zaman erməni faktorundan Türkiyə və Azərbaycana qarşı istifadə edib və etməkdədir. Məsələn, qondarma “erməni soyqırımı”nı tanımaq hədəsilə Avropa ölkələri Türkiyəyə hər zaman təsir göstərməyə çalışıblar. Türkiyənin Suriya və Liviyaya öz hərbi qüvvələrini yeritməsindən sonra Avropa ölkələrindəki erməni lobbisi AŞPA-da anti-Azərbaycan və anti-Türk ritorikasının artmasına daha çox çalışırlar. Təsadüfi deyil ki, Azərbaycana qarşı çıxarılan qərəzli qətnamə ilə bağlı Ermənistanın nümayəndə heyətinin bütün üzvləri çıxış etdilər.

Məhz bu səbəblərdən AŞPA bütün üzv dövlətlərə münasibətdə vahid standart və yanaşmadan çıxış etmək əvəzinə, bəzi ölkələrdə pozuntular uyduraraq, ona qarşı qətnamə qəbul edir, bəzi ölkələrdəki mövcud pozuntuları isə görməzliyə vurur.

Tofiq Vahid
Azvision.az



Teqlər: AŞPA  





Xəbər lenti