Daha bir küçədə yağış kollektoru tikilib

Daha bir küçədə yağış kollektoru tikilib
  11 Fevral 2020    Oxunub:1976
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması məqsədilə növbəti layihənin icrasını yekunlaşdırıb. Belə ki, Xətai rayonunun Mirzə Davud küçəsində yeni yağış kollektoru inşa edilib.
ASC-dən Azvision.az -a verilən məlumata görə, M.Davud küçəsi və ətraf ərazilər relyef baxımından çökəklikdə yerləşdiyindən intensiv yağıntılar zamanı burada ciddi subasma halları qeydə alınırdı. Ərazidəki ötən əsrin ortalarında inşa edilmiş 700 millimetr diametrli mövcud kollektor istismar tələblərinə cavab vermədiyindən intensiv yağıntılar zamanı sular ətraf əraziyə axırdı. Küçələrə, evlərin həyətlərinə və zirzəmilərə su yığılması sakinlər üçün narahatlıq yaradırdı.

Bütün bunlar nəzərə alınaraq, 1200 millimetr diametrli “8-ci kilometr” kollektorunun M.Davud küçəsindən keçən hissəsindən dənizə yeni çıxış xəttinin verilməsi üçün layihələndirmə işləri aparılıb. Tikinti-quraşdırma işlərinə ötən ilin sonlarında başlanılıb və qısa müddətdə işlər başa çatdırılıb.

Layihə çərçivəsində 1200 millimetr diametrli borularla 400 metrdən çox kollektor inşa edilib. Kollektor üzərində 3 dönmə, 3 birləşmə quyusu tikilib. Küçədəki yaşayış evlərinin kollektora qoşulmasını təmin etmək üçün məhəllədaxili xətlər çəkilib. Ərazidəki mövcud qoşulma quyuları bərk tullantılardan təmizlənib. Xəndəklər qazılarkən ərazidəki yararsız halda olan qrunt kənara daşınaraq əvəzində 800 kubmetr həcmində texnoloji qruntla bərkitmə işləri aparılıb.

Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılıb. Layihələrin icrası ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti