ATƏT müşahidəçilərinin gördüyü müsbət məqamlar – TƏHLİL

   ATƏT müşahidəçilərinin gördüyü müsbət məqamlar –    TƏHLİL
  12 Fevral 2020    Oxunub:6485
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycan hökuməti tərəfindən beynəlxalq müşahidəçilərin, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) dəvət olunması ölkə rəhbərliyinin səsvermə prosesinin daha şəffav və demokratik keçirilməsində maraqlı olduğunun göstəricisi idi.
Xatırladaq ki, Azərbaycandakı seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən göndərilmiş 273 müşahidəçi ekspert, AŞPA-nı təmsil edən 57 parlamentari və 28 nəfər müşahidəçi, ümumilikdə isə 883 beynəlxalq müşahidəçi izləyib.

Seçkidən bir gün sonra, fevralın 10-da Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) ölkəmizdə keçirilən səsvermə ilə bağlı ilkin qənaətlərini açıqlayıblar. Təbii ki, ATƏT nümayəndələrini heç inkişaf etmiş Avropa ölkələrində keçirilən seçkilərlə bağlı birmənalı müsbət rəy vermədiklərini nəzərə alsaq, Azərbaycanda keçirilən səsvermə prosesini tərifləyəcəklərini gözləmək sadəlöhvlük olardı. Bununla belə, DTİHB nümayəndələrinin bəyanatlarında ölkəmizdə seçkilərə dair bir sıra müsbət məqamlar vurğulanıb.

Bəyanatdan belə bir nəticəyə gəlmək olar ki, avropalı nümayəndələr əsasən seçkinin təşkilindən razı qalıblar. Bəyanatda 89 min yerli, 883 beynəlxalq müşahidəçinin qeydiyyata alınması, seçki administrasiyası - yəni seçki komissiyalarının müvafiq resurslarla lazımi səviyyədə təmin olunması, qısa vaxta baxmayaraq qanunla müəyyən edilmiş bütün müddətlərə riayət edilməsini müsbət amil kimi vurğulanır. Bundan əlavə Mərkəzi Seçki Komissiyasının beynəlxalq müşahidəçilərlə xoşməramlı rəftarı, fəaliyyəti şəffav aparmaq səyləri, kollegial orqan kimi qərar qəbulunda həmrəyliylə nümayiş etdirilməsi, keçirilən iclasların müşahidəçilər və mediya nümayəndələrinə açıq olması, informasiyaların mütəmadi qaydada yenilənərək rəsmi sayta yerləşdirilməsi və seçki məntəqələrində mindən çox kameranın quraşdırılması BSMM nümayəndələri tərəfindən seçki prosesində şəffavlığı artıran faktor kimi qiymətləndirilib.

Mətbuat konfransında diqqət çəkən əsas məqamlardan biri də, ATƏT nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticəsində məcburi köçkünə çevrilən Azərbaycan vətəndaşlarının öz seçki hüququndan tam mənasıyla yararlana bilməməsini etiraf etmələri oldu. ATƏT növbəti dəfə etiraf etdi ki, Ermənistanın işğalçı siyasəti Azərbaycanın bir qrup vətəndaşının seçki hüquqlarının pozulmasına gətirib çıxarır.
Məsələn, bəyanatda qeyd olunur ki, məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində Azərbaycan hökuməti tərəfindən mühüm işlər görülməsinə baxmayaraq, Azərbaycanın nəzarətindən tam və ya qismən kənar olan 10 seçki dairəsində seçkilərin keçirilməsi mümkün olmayıb. Bu məsələyə ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov da münasibət bildirib: “Ermənistanla münaqişənin bu ölkədə seçkilərin təşkilinə təsirini yaxşı bilirəm və məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirirəm”.

ATƏT nümayəndələrinin müsbət məqamları qeyd etməsi və Azərbaycanın haqq işinə kiçik də olsa töhvəsi, təbii ki sapı özümüzdən olan ermənipərəst baltaların ürəyincə olmadı. Jurnalist Xədicə İsmayılın yersiz Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi məsələsini qaldırması onun ermənilərlə həmrəyliyini bir daha sübut etdi. Çünki AŞPA-da Azərbaycana qarşı çıxarılan qərəzli qətnamə ilə bağlı Ermənistanın nümayəndə heyətinin bütün üzvləri çıxış etmişdilər.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən AŞPA nümayəndəsi Frank Şvabenin Xədicə İsmayılın gözləntisinin əksinə olaraq məsələyə skeptik yanaşdığını bildirməsi və AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra bu tip proseslərin daha da mürəkkəbləşdiyini qeyd etməsi X. İsmayılın real dünyadan bixəbər olması və virtual aləmdə yaşadığını göstərdi. Artur Gerasimovun legitimlik məsələsinin yalnız Azərbaycan xalqının müəyyən etdiyini bildirməsi, ardınca, DTİBH-in müşahidə missiyasının rəhbəri Piter Teyler məsələnın onların səlahiyyəti çərçivəsinə aid olmadığını söyləməsi Xədicə İsmayılın ucuz şou yaratmaq niyyətini puça çıxardı.

Təbii ki, ATƏT-in nümayəndə heyətinin üzvləri bir sıra çatışmazlıqları da diqqətə çatdırdılar. Məsələn, Frank Şvabe təəsüflə qeyd edib ki, namizədlərin əksəriyyəti hakim partiyanın proqramına alternativ proqramlarını və fikirlərini təqdim etmədilər, ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoxha-Gjebrea isə çıxışında, seçkidə qadın namizədlərin iştirak səviyyəsinin aşağı olmasından gileylənib.

Azərbaycan hökumətinin şəffaflığın tərəfdarı olduğu və beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi bir probleminin olmadığını mətbuat konfransında səsləndirilən fikirlər bir daha sübut etdi.

Tofiq Vahid
Azvision.az



Teqlər: Seçki   ATƏT  





Xəbər lenti