Prezidentin liderlik PORTRETİ

Prezidentin liderlik PORTRETİ
  24 Dekabr 2013    Oxunub:2112
Biz prezidentə həm də “dövlətin başçısı” deyirik. Bu, çox dərin bir ifadədir: əgər prezident olmaq hüquqi statusdursa, dövlətin başısı daha çox mənəvi, sakral bir məqamdır. Xüsusilə də dövlətlə ailəni bir-birinə çox yaxın bilən şərq xalqlarında. Şərq insanı, o cümlədən də biz azərbaycanlılar “ailə başçısı” və “dövlət başçısı” anlayşlarının arasında xeyli paralellər görürük - bunların hər ikisi həm də mənəvi ucalıqdır.

Prezident ancaq səs verməklə seçilirsə, dövlətin başçısı olmaq üçün bu azdır. Dövlətin başçısı liderlik missiyası olduğu üçün, bu obraz insanların şüurunda formalaşır. Və Azərbaycanın prezidenti olduğu 10 ildə cənab İlham Əliyevin bu obrazı çox möhkəm şəkildə oturuşub. O, Azərbaycan xalqı üçün təkcə səs verməklə seçilən bir inzibati vəzifənin daşıyıcısı deyil. O, xalq üçün güclü harizması olan bir liderdir.

İlham Əliyevi lider edən cəhətləri hansıdır? Geniş və kompleks düşüncə tərzi, strateji təfəkkür, lazım olan vaxtda və yerdə qətiyyət göstərmək, səmimi və içdən gələn humanizm... Onun güclü insani cazibəsi ilə birlikdə bütün bunlar müasir lider obrazını əmələ gətirir.

Üstəlik, dövlət başçısının insan obrazı sadə xalqa çox yaxındır. Zəngin sahibkardan tutmuş, sadə kəndliyə qədər çox geniş sosial diapazonun təmsilçiləri onu eyni zamanda öz liderləri kimi görür və qəbul edirlər. Çünki, Azərbaycan insanı ictimai-sosial statusundan asılı olmayaraq, özünə lider kimi qəbul edəcəyi bir şəxsdə görmək istədiyi bütün cəhətləri onda tapır. Məsələn, bəziləri prezidentin səmimi olmasına üstünlük verirlər, başqaları sözübütövlüyünə, digərləri yeri gələndə sərtliyinə, yaxud əksinə, mülayimliyinə, zarataftcıllığına... Amma hər kəs axtardığı cəhətləri mütləq onda tapa bilir.

Bu, yəqin ki, həm də onda çox güclü azərbaycanlı ruhunun olması ilə bağlıdır. O, düşüncələrində, davranşlarında, kökünə bağlılığında əsl azərbaycanlıdır və bunu açıq şəkildə sərgiləyir.
O, daxilən demokratdır, amma onun üçün demokratiya Qərbin təbliğ etdiyi dəyərləri olduğu kimi tətbiq etmək deyil, Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğunlaşdıraraq, qəbul etməkdir. Prezident üçün milli mənəviyyat və mentalitet də Qərb demokratiyasının dəyərləri qədər vacibdir. Hakimiyyətdə olduğu illər göstərir ki, o, məhz bu cür sağlam demokratikləşmə xəttini yürüdür. Prezidentin bu yanaşması həm də dövlətin maraqlarını müqəddəs saymasından doğur. Yəni çağdaş dövrün azərbaycanlı lideri necə olmalıdırsa, cənab Əlyev məhz elədir.

Dövlət başçısının liderliyinin maraqlı bir cəhəti də odur ki, o, bəzən sərt olsa da, komandasındakı insanları heç vaxt aşağılayıb, onların fonunda uca görünmək istəmir. Əksinə, o, komandasının üzvlərini həmişə tərifləyir, yüksəyə qaldırır və bununla özünün lider obrazı da böyüyür. Bu, bir lider üçün son dərəcə böyük özəllikdir. Və bu baxımdan İlham Əliyev çoxlarından fərqlənir.

Eyni zamanda, əsl liderlərə xas olan daha bir cəhət – məsuliyyət hissi də İlham Əliyevdə çox güclüdür. O, lazım olan anlarda həm ölkənin, həm də vətəndaşın taleyinə görə üzərində həddən artıq böyük məsuliyyət hiss etməsinə görə əksər dövlətlərinin başçılarından seçilir. İstənilən fors-major situasiya yarananda və ya belə bir risk olanda dövlət başçısı həmişə məsuliyyətin öz üzərində olduğunu birmənalı şəkildə göztərib və lazım olan bütün addımları da atıb.

İlham Əliyevin siyasətçi kimi gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib, bir hədəfə yönəldə bilməsindədir. Bunun əsas şərti, şübhəsiz, onun formalaşdırdığı hakimiyyətin dövlətçi və xalqçı olmasıyla bağlıdır. Hakimiyyətin başında duran şəxs ailəsilə birgə ölkəni az qala kənbəkənd gəzərək, hər xırda problemlə də maraqlanırsa, belə hakimiyyət xalqa yönəlməyə bilməz. Prezident böyük dövlət aparatının yönünü bütövlükdə vətəndaşa sarı çevirib. Çıxışlarından da görünür ki, onun anlayışınca, hər şey vətəndaş, sadə insan üçündür və cəmiyyətin xoşbəxtliyinə xidmət etməlidir.

Şərqdə, o sıradan da Azərbaycanda kütlə adətən ideologiyadan daha çox, şəxsiyyətlərə yönəlir. Buna görə də şəxsiyyətlər həmişə ideologiyalardan daha güclü cazibə qaynağı olurlar. İlham Əliyev Azərbaycan xalqı üçün belə bir cazibə mərkəzinə çevrilərək, yeni dövrdə yeni liderə olan tələbatı ödəyə bilib.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti