Qızıl və gümüş satışından 400 milyon gəlir əldə edilib

  18 Fevral 2020    Oxunub : 1097
 Qızıl və gümüş satışından 400 milyon gəlir əldə edilib
2017-ci ildən etibarən 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından, ümumilikdə ölkə iqtisadiyyatına 399,3 milyon manat həcmində vəsait cəlb edib. Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30.6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib (bundan 3,8 milyon Dövlət Sosial Müdafiyə Fonduna, 26,8 milyon isə vergi şəklində ödənilib).
Azvision.az xəbər verir ki, bunu “Azergold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib. Onun sözlərinə görə, hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda reallaşdırılması ilə yanaşı, hazırda Dövlət Neft Fondu, “Azərsuvenir” MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır.

"Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilib və hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilməkdədir. Lakin məmulatlarımızın Azərbaycan mənşəli xammaldan istehsal olunduğuna görə xammal üzrə gömrük rüsumu ödənilməsə belə, təəssüflə qeyd etməliyəm ki, hazırda bazarda mövcud oxşar tipli məhsulların qiyməti bizim məhsullardan nəzərəçarpacaq dərəcədə aşağıdır. Bənzər kateqoriyadan olan idxal məhsullarının daha ucuz qiymətlə bazarda təklif edilməsinin əsas iki səbəbi ola bilər: Bazar iştirakçılarının məhsulları alternativ yollarla (yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s.) satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi".

Z.İbrahimov qeyd edib ki, “AzerGold” QSC isə fəaliyyətini tam şəffaf quraraq bütün növ vergi və rüsumları qanunvericiliyin tələblərinə uyğun ödəyir ki, bu da öz növbəsində digər aidiyyati xərclərlə yanaşı, məhsulun maya dəyərinə nəzərəçarpacaq təsirini göstərmiş olur. "Nəticədə yaranmış situasiya Azərbaycan kimi zəngin zərgərlik təcrübəsinə və tarixi ənənələrə malik olan bir ölkədə şəffaf çalışan qurumların rəqabətədavamlı fəaliyyət aparmasına müəyyən əngəllər yaradır.

Məlumdur ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24% təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri 46%-dək artır. Bundan başqa, qeyd etmək lazımdır ki, sadaladığım ölkələrdə qızıla aksiz vergisi tətbiq edilmir. Yerli bazarda satışa çıxarılan məhsulların bu həddə vergi və rüsumlar ilə yüklənməsi bazar iştirakçıları tərəfindən xammalı alternativ yollarla əldə edərək alternativ yollarla istehsal etməyə və eyni qaydada da satışa çıxarmağa sövq edir.

Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlərlə yanaşı, bir sıra sosial problemlərə gətirib çıxara bilər. Bildiyiniz kimi, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Əyar Palatası icra edirdi, hazırda isə bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır"

Z.İbrahimov əlavə edib ki, bazar iştirakçılarının dünya birjalarına uyğun qiymətə dayanıqlı xammalla təchiz edilməsi həm bazarda şəffaflığın təminatına, həm də ixrac potensialının artırılmasına dəstək ola bilər.

"Eyni zamanda, bu sahədə çalışan həm idxalçılar, həm yerli istehsalatçılar üçün təşviq mexanizmlərinin və maliyyə alətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə bazarın daha da şəffaflaşmasına xidmət edə, ölkə iqtisadiyyatında zərgərlik sektorunun rolunu artıra bilər".

Azvision.az

Teqlər: Qızıl   Gümüş