Dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

  20 Fevral 2020    Oxunub : 1740
Dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər
Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlanır.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı təhlillər aparılır.

Z.Əliyev bildirib ki, hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsinə dair danışıqlar aparılır.

"Regionlara həkimləri ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etməyi düşünürük. Bununla bağlı onlarla danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Məncə, onların da bu işə maraqları var"

Agentlik sədrinin sözlərinə görə, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil. "Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə həkim çatışmazlığı var, avadanlıqlar yetəri səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə-müayinə aparmaqda çətinlik çəkir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Həkim