Xaçmazda sutəmizləyici qurğu tikilir

  20 Fevral 2020    Oxunub : 1180
Xaçmazda sutəmizləyici qurğu tikilir
Xaçmaz rayonunda birinci mərhələdə məhsuldarlığı sutkada 20 min kubmetr olacaq bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir.
"Azərsu" ASC-dən Azvision.az -a verilən məlumata görə, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində tikilən qurğuda işlər hazırda intensiv qaydada davam etdirilir. Tullantı sutəmizləyici qurğuda Xaçmaz, QusarQuba şəhərləri ilə yanaşı, Şahdağ Qış-Yay Turizm Kompleksi ərazisində yaranan tullantı suları da təmizlənəcək.

Tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə daşıyıcı kollektorlar inşa edilib. Qurğuda təmizlənən su Qudyalçay dərəsinə axıdılacaq. Bu məqsədlə 2 km uzunluğunda kollektor tikilib. Tullantı sutəmizləyici qurğunun inşasının bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, regionlarda həyata keçirilən layihələr çərçivəsində 18 şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Cari ilin sonuna qədər daha 9 şəhərdə tullantı sutəmizləyici qurğuların inşası başa çatacaq. Ümumilikdə indiyədək 52 şəhər və rayon mərkəzində içməli su və tullantı su layihələri icra olunub. Bu şəhərlərin 30-da içməli su və kanalizasiya, 11-də isə içməli şəbəkələrin tikintisi yekunlaşıb.

Azvision.az

Teqlər: Azərsu