Paşinyan rəhbər şəxsləri təcili Qarabağa göndərir - Nə baş verir?
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Nəşr silahlı qüvvələrdə baş verən istefalara da toxunub. Bildirilib ki, Qarabağdakı qanunsuz "ordunun komandanı" Karen Abrahamyanın məsələsi artıq həll edilib. Rəsmi əmrin olmaması yalnız texniki məsələdir və yaxın günlərdə Təhlükəsizlik Şurasının iclasından sonra məlumatın yayılması planlaşdırılır.
Qeyd olunub ki, yaxın vaxtlarda hərbi komandirlər, kadr işləri üzrə köməkçilər və digər bir neçə şəxs də istefa verəcək. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Tiran Xaçatryanın hədəfdə olduğu bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan orduda baş verən son ölümlərlə bağlı müşavirə keçirib. Müşavirədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidməti direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Artak Davtyan və digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Anar Kəlbiyev
Azvision.az