Ödənişli ictimai işlərə nəzarət gücləndirilir
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, ictimai işçilərin işə davamiyyətinin yoxlanılması və bu sahədə səmərəli monitorinqin qurulması üçün DOST mərkəzlərinin xidməti ərazilərində monitorinqlər həyata keçirməsi nəzərdə tutulub.
Əməkhaqqı kartlarının ictimai işçilər tərəfindən şəxsən təhvil alınmasına nəzarət təşkil edilməklə, həmin kartların hazırda özlərində olub-olmaması da seçmə üsulla yoxlanılacaq.
Eyni zamanda, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə nazirliyin rəsmi saytında yerləşdirilən məlumatlar hər ay yenilənəcək. İctimaiyyətin məlumatlanması və ictimai işlər sahəsində ictimai nəzarətə fəal şəkildə cəlb olunması üçün yenilənmiş həmin siyahılar barədə kütləvi-informasiya vasitələrinə mütəmadi məlumatlar veriləcək. Medianın bu sahəyə diqqətinin artırılması üçün ictimai işlər təşkil olunan ərazilərə mediaturların təşkili, yoxlamaların səmərəli təşkili üçün ictimai işçilərin iş yerlərinin dislokasiyasının müəyyən edilməsi, ictimai işçilərin əmək şəraitinin təhlükəsizliyinin yoxlanması, monitorinqlər zamanı onlarla əyani söhbətlər aparılmaqla hüquqları barədə maarifləndirilməsi də təmin olunacaq.
Tədbirlər Planında monitorinqlər zamanı aşkar olunmuş pozuntularla bağlı tədbirlərin görülməsi və həmin pozuntuların aradan qaldırılması üçün monitorinqlərin nəticələrinin aidiyyəti orqanlara təqdim edilməsi, aşkar olunan qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunması və s. kimi tədbirlər də yer alıb.
Azvision.az
Teqlər: ƏƏSMN