Minimum əməkhaqqı 50 manat artırıla bilər
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması gündəmdədir və bunun üçün maliyyə imkanları mövcuddur.
Ekspertin sözlərinə görə, qiymətləndirmələr 2020-ci ildə minimum əməkhaqqının 250 manatdan 300 manatadək artırılmasının mümkün olduğunu göstərir.
“Bu, minimum əməkhaqqı alan vətəndaşlarımızın gəlirlərinin artmasına gətirib çıxara bilər. Məqsədəuyğundur ki, daha böyük həcmdə əməkhaqqı artımları olsun. Amma nəzərə almaq lazımdır ki, əməkhaqqı artımları elə olmalıdır ki, büdcə vəsaiti buna imkan versin. Həmçinin söhbət 2025-ci ilə qədər mərhələli şəkildə minimum əməkhaqqının artırılmasından getdiyi üçün bu il son olmayacaq. Növbəti illərdə də bu artımları müşahidə edəcəyik. Bu da son mərhələdə minimum əməkhaqqının kifayət qədər yüksək məbləğə qədər artmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.
Aytən Zəhra
Azvision.az