KOBİA və TÜRKPA arasında əməkdaşlıq müzakirə edilib

  04 Mart 2020    Oxunub : 1098
KOBİA və TÜRKPA arasında əməkdaşlıq müzakirə edilib
Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, qurumun idarə heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə TÜRKPA-nın fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və agentliyin bu istiqamətdə qanunvericilik təşəbbüsləri barədə məlumat verilib.

Görüş çərçivəsində agentlik ilə assambleyaya üzv ölkələrin müvafiq qurumları, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB), Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin TÜRKPA-ya üzv ölkələrin kiçik və orta sahibkarlıq sahəsini tənzimləyən qanunvericiliyin, alternativ maliyyələşdirmə sahəsində təcrübəsinin öyrənilməsində KOBİA-ya dəstək göstərilməsi, sosial, qadın və gənc sahibkarlıqla bağlı birgə tədbirlərin təşkili, TÜRKPA-nın agentliyin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirakı məsələləri müzakirə edilib.

Azvision.az

Teqlər: TÜRKPA   KOBİA