Azərbaycanda daha çox 40-45 yaşlı insanlar səfərə çıxır

  10 Mart 2020    Oxunub : 1448
Azərbaycanda daha çox 40-45 yaşlı insanlar səfərə çıxır
Ötən il 4 milyon 352 min 900 nəfər daxili turizm səfərinə çıxıb. Bunlardan 2 milyon 458 min 700 nəfəri kişi olub.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, daxili turizm səfərinə əsasən 40-45 yaş aralığında şəxslər çıxmağa üstünlük verir.
Belə ki, 2019-cu ildə bu yaşda olan 1 milyon 197 min 900 nəfər bölgələrə səfər edib. Turizm səfərinə çıxmış şəxslərdən 296 min 800 nəfəri 17 yaşadək, 593 min 700 nəfəri 17-25 yaşadək, 768 min 500 nəfəri 26-35 yaşadək, 931 min 700 nəfəri 36-45 yaşadək olan insanlardır. 56-66 yaş arasında olan 457 min 400 nəfər, 66 yaş və yuxarı isə 106 min 900 nəfər daxili turizm səfərinə çıxıb.

Vətəndaşlar bölgələrə əsasən qohumlara, dostlara baş çəkmək məqsədilə (8 milyon 65 min nəfər), istirahət və əyləncə məqsədilə (7 milyon 497 min nəfər), işgüzar məqsədlə (2 milyon 217 min 400 nəfər) müalicə ( 2 milyon 167 min 800 nəfər) və mağazalara baş çəkmək (1 milyon 930 min nəfər) məqsədilə gedirlər.

Yerli turistlər bölgələrə səfər edərkən ən çox şəhərlərarası avtobuslardan istifadə edirlər. Ötən il 14 milyon 284 min 600 nəfər şəhərlərarası avtobuslardan istifadə edib. Bundan əlavə, səyahətçinin mülkiyyətində olan nəqliyyat vasitələrindən istifadə edənlər 4 milyon 631 min nəfər olub.

2019-cu ildə yerli turistlər 3 milyard 481 milyon 623 min 400 manat pul xərcləyiblər. Vəsait əsasən yerləşmə, qidalanma, nəqliyyat xidmətləri, avtonəqliyyat vasitələrinin icarəyə götürülməsi, idman, əyləncə xidmətləri, hədiyyələrin alınmasına sərf edilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   Turist