Azərbaycan neft alan ölkəyə çevrilə bilər – TƏHLİL

Azərbaycan neft alan ölkəyə çevrilə bilər – TƏHLİL
  27 Dekabr 2013    Oxunub:2092
Ölkədə neft hasilatı 2-3 ildir ki, azalır. Bu azalma mənfi nəticəsini getdikcə çox istiqamətdə göstərir. Əvvəl, bunun yalnız ölkəyə maliyyə axınlarına təsir edəcəyi və onu azaldacağı düşünülürdüsə, indi daxili bazarı neft məhsullarıyla təmin etmək də çətinləşib. Xüsusən də benzin sarıdan.

Başa çatmaqda ilin ötən 11 ayı ərzində ölkədə istehsal olunan neft məhsullarının 77,5 %-i daxili bazarda tələbata, yerdə qalanı isə ixraca yönəldilib. 2013-cu ilin yanvar-noyabr aylarında ölkə istehlakçılarına 4,8 milyon ton və ya keçən ilin muvafiq dovrunə nisbətən 9,3 % çox neft emalı məhsulları göndərilib ki, dizel yananacağı üzrə istehlak son bir ildə 9,8 % artaraq 1,289 milyon tona, avtomobil benzini isə 8,4 % artaraq 1,268 milyon tona, aviasiya üçün ağ neft istehlakı 12,9 % artaraq 504 min tona çatıb. 11 ayda qeydə alınan istehlak həcmi dekabr ayında qorunarsa, ilin yekununda dizel yanacağının satışı 1,4 milyon tona, benzin isə 1,38 milyon tona yüksələcək. Hər iki yanacaq üzrə istehlak 2,78 milyon ton təşkil edəcək.

Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) emala 6,7 milyon ton xam neft göndərəcək ki, keçən il bu rəqəm 6,2 milyon ton təşkil etmişdi. Bu il isə sözügedən rəqəm 6,4 milyon ton olacaq. Bu da onu göstərir ki, ölkədə neft məhsullarına, xüsusən də dizel yanacağı ilə benzinə tələb artmaqdadır.

SOCAR-dan bildiriblər ki, ölkədə il ərzində benzin istehlakının həcmi 10 % artıbsa, dizel yanacağı üzrə bu rəqəm 13 % təşkil edib. Ona görə də keçən il 1,3 milyon ton benzin istehsal edildiyi halda, bu il 1,4 milyon ton olacaq.

Ölkədə benzinə olan tələbatın bu cür artması 10 ildir müşahidə edilir. Odur ki, SOCAR xaricə benzin satışını azaltmağa başlamışdı. Çünki daxili bazarı təmin etmək üçün başqa çarə qalmırdı. Təkcə 2013-cü ilin yanvar-oktyabr ayları ərzində 14 min 34 ton avtomobil benzini, 744 min 280 ton dizel, 108 min 641 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil benzini üzrə 5 dəfəyə yaxın, dizeldə 2, təyyarə yanacağında isə 8 % az deməkdir.

Gələn ildən isə ixrac tamamilə dayandırılacaq. SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bəyan etdi ki, 2013-cü ildə ölkədə benzinə olan tələbat 2012-ci ilə nisbətən 10,2 % artıb və bununla əlaqədar benzin ixracını dayandırmaq qərara alınıb. “Çünki ARDNŞ-in vəzifəsi birinci növbədə daxili bazarın tələbatını ödəməkdir” - deyə vitse-prezident bildirmişdi.

Ancaq məsələ bununla bitmir. Daxili bazarı yanacaq məhsullarıyla, xüsusən də benzinlə təmin etmək üçün neft ixracı dayandırılacaq. SOCAR benzin istehsalını yalnız özünün hasil etdiyi neftlə artıra biləcəyindən 2014-cü ildən ixraca yönəltdiyi nefti də emal edəcək.

Əslində bu, gözlənilən idi. Ona görə ki, ölkədə hasilatın enməsinın neft məhsulları istehsalı sarıdan da problem yaradacağı aydın görünürdü. Məlumdur ki, ölkəmizdə SOCAR-ın tərkibində iki neftayırma zavodu fəaliyyət göstərir ki, bunlar ildə 7 milyon tondan bir az artıq emal gücünə malkdirlər. Həmin zavodlarda SOCAR-ın həm sudan, həm də qurudan çıxardığı neft emal olunur ki, müqavilə şərtlərinə görə qalan neft birgə müəssisələrin ixrac öhdəliklərinin təmin olunmasına yönəldildiyindən emal edilə bilməz.

Digər tərəfdən, SOCAR 2020-2021-ci illərədək daxili bazarda avtomobil benzininə olan tələbatı maksimum dərəcədə ödəmək üçün benzin və dizel yanacağı istehsalını ümumiyyətlə, neft emalı sahələrində qurğuların gücünü artırmağa qərar verib ki, Səngəçal terminalının şimalında Qaradağ-Abşeron ərazisində əvvəl 2017-ci ilə nəzərdə tutulsa da son məlumata görə, 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi də bu məqsədə xidmət edəcək. Bu isə istehsal gücümüzü artıracaq. Doğrudur, həmin kompleks hazır olduqdan sonra indiki zavodlar ya söküləcək, ya da dəmir kimi istifadə olunacaq. Ancaq təkrar edirik ki, indikindən qat-qat çox neft məhsullları istehsal edəcəyik. Odur ki, sual yaranır: hansı neftlə?

Keçən il SOCAR-ın balansındakı yataqlardan 8,3 milyon tona yaxın neft hasil edildiyi deyilir ki, bunun da 6,2 milyon tonu emala, 1,9 milyonu ixraca yönəldilib. Buna əsasən də, hasilatın getdikcə daha sürətlə enəcəyi müqabilində 2023-2025-ci illərdə Qaradağ-Abşeron ərazisində istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksində məhz hansı neftdən istifadə olunacağı sual doğurur.

Yeri gəlmişkən, oktyabrda dünya bazarlarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) təxminən 943,41, təyyarə yanacağı 975,41, dizel yanacağının 927,12 dollar civarında təşkil etmişdi. Noyabrda bu rəqəmlər uyğun olaraq 928,27, 962,00 və 909,73 dollar təşkil edib.

SOCAR-ın sadalanan məhsullar üzrə xarici bazardan “əlinin çıxmasının”, habelə hasil etdiyi nefti yanacaq məsullarına olan daxili tələbatı ödəmək üçün gələn ildən tamamilə emala yönəltməsinin hansı itkilər hesabına başa gələcəyi aydın olur.

Bəs, çıxış yolu nədədir? Bizcə əvvəla, ölkədə neft məhsullarına, xüsusən benzinə olan tələbatın nizamsız artmasının qarşısını almaq lazımdır ki, bunun üçün isə yanacaq məhsulları sarıdan tutumlu sahələr nəzarətə alınmalı, enerji istehsalı, nəqliyyat sektorunda fəailiyyət və daşımalarda benzindən və dizeldən istifadə maksimum səviyyədə səmərəli təşkil olunmalıdır.

İkincisi, SOCAR-ın hasil etdiyi nefti emala yönəltmədən əvvəl, ölkəyə zəruri yanacaq növlərinin - benzinin idxalı məsələsini nəzərdən keçirmək və bunun səmərəlilik dərəcəsini hesablamaq lazımdır. O səbəbdən ki, bizcə bu, daxili bazarda əlverişli rəqabət yarada bilər.

Üçüncüsü isə, ölkənin mövcud neft emalı kompleksinin gücündən maksimum istifadə etmək, 2020-2021-ci illərə qədər daxili bazarda avtomobil benzininə olan tələbatı tam ödəmək məqsədilə benzin və dizel yanacağı istehsalını artırmaq üçün Rusiyadan və Qazaxıstandan neft ixracı məqsədəuyğun sayılmalıdır.

Azərbaycan nefti keyfiyyətli olduğundan onu daxildə istehlak etmək düz deyil. Digər tərəfdən isə ölkəmizin nə vaxtsa kənardan neft ixrac edəcəyi onsuz da qaçılmaz görünür. Buna çox az vaxt qalıb.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti