10 kəndi birləşdirən yol yenidən qurulur

10 kəndi birləşdirən yol yenidən qurulur
  01 Aprel 2020    Oxunub:1933
Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

Tərtər rayonunda bu il 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamına əsasən, yenidən qurulması işlərinə start verilib. Bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.

Yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il təmir və tikintisinə ehtiyac olan yolların siyahısına daxil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulmasına start verilib.

Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün təqribən 200 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

Azvision.az


Teqlər: Yol  





Xəbər lenti