Yeni ildə vəsaitləri necə qorumaq olar - TƏHLİL

Yeni ildə vəsaitləri necə qorumaq olar - TƏHLİL
  31 Dekabr 2013    Oxunub:1886
Qiymətlərin bahalaşmaqda olduğu vaxtda əhalinin sərbəst vəsaitlərini necə yerləşdirmək lazım gəldiyi barədə söhbət açmaq və məsləhət vermək yersiz görünə bilər. O səbəbdən ki, əhalinin rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən əməkhaqqları və pensiyalar artan kimi qiymətlər dərhal yüksəlir və süni bahalaşma yaranır.

Dekabrın 3-dən yanacaq məhsullarının qiymətlərinin yüksəlməsi də eyni nəticəni ortaya qoyub. Ancaq bir həqiqət var ki, ölkəmizdə əhalinin gəlirləri inflyasiyanı hələlik üstələyir. Əvvəlki illərdə də belə olub: illik inflyasiya səviyyəsi əhalinin gəlirlərinin artım tempindən həmişə geri qalıb.

Əlbəttə, dekabrdan sonra bu dəfə vəziyyətin necə olacağı isə bəlli deyil. Çünki hazırkı bahalaşmanın getdikcə daha sərt xarakter daşıyacağı gözlənilir ki, real qiymət artımlarında bayramla əlaqədar təsirlər olsa da, əsasən, ölkədə yanacaq məhsullarının bahalaşması rol oynayır. Bu da benzinlə dizelin gözlənildiyindən daha çox bahalaşmasından irəli gəlir.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata əsasən, cari ilin yanvar-noyabr ayları ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrüylə müqayisədə 7,9% artaraq, 32,3 milyard manata çatmışdır ki, sözügedən göstəricinin hər nəfərə düşən həcmi 6,5% artaraq 3471,7 manat və ya orta hesabla ayda 315,6 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 bənd üstələyərək 6,5% olub, bu dövr ərzində ölkə əhalisi tərəfindən gəlirlərin 68%-i son istehlak xərclərinə, 9%-i vergilər ilə sosial sığorta və könüllü üzvlük haqlarına, 1,8%-i isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunub.

Əhalinin gəlirlərinin 21,2 %-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,9 faiz çox vəsait qalıb.

Ümumiyyətlə, DSK-nnn məlumatına əsasən, bu ilin noyabr ayının 1-inə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 34,4 % artaraq 6,3 milyard manat olub ki, onların 3,9 milyard manatı milli, 2,4 milyard manatı isə xarici valyuta ilə yerləşdirilib.

Əhalinin əlindəki sərbəst vəsaitlərin yerləşdirilməsi hər zaman aktual məsələdir. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə bu məsələ xüsusi diqqət tələb edir. Ona görə ki, həmin vəsaitlərin düzgün yerləşdirilməsində hökümət özü də maraqlı olmalıdır. Sözügedən vəsaitlərin səmərəli və etibarlı yerləşdirilməsinin və yaxud saxlanılmasının isə 3 yolu var: banka qoymaq, qızıla çevirmək və səhmlər almaq...

Azərbaycanda bunlardan sonuncu demək olar ki, işləmir. Yəni, qiymətli kağızlar bazarı hələ o səviyyədə deyil ki, kimsə əlindəki pulla gedib hər hansı müəssisənin səhmini alsın və bu da ona gəlir gətirsin. Üstəlik, istəyəndə isə həmin səhmləri satsın. Qızıl isə nə qədər etibarlı yatırım vasitəsi olsa da, çevik deyil. Başqa sözlə desək, qızılı dərhal pula çevirmək və özü də ki, ondan istədiyin məbləği əldə etmək çətindir. Və hətta qeyd edə bilərik ki, mümkün deyil.

Odur ki, ən yaxşı yol depozit şəklində banklara yatırmaqdır. Əlbəttə, bu zaman əldə olan sərbəst vəsaitin məbləği də əhəmiyyətlidir. Vəsait əgər, bahalı daşınmaz əmlak almaq üçün yetərlidirsə, bu zaman onu bir neçə hissəyə bölərək banklarda yerləşdirməkdənsə əmlak almaq məsləhətdir.

İşə yatırmaq və sahibkarlıqla məşğul olmaq isə ölkəmizdə mövcud biznes mühiti baxımından risklidir.

Bu gün vətəndaşlarımız 30 min manatadək vəsaitlərini çəkinmədən banklara qoya bilərlər. Faiz dərəcələri az olsa da bu, Azərbaycanda ən düzgün və etibarlı yoldur. Ancaq burada bir nüans var. O da bundan ibarətdir ki, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) cari ilin avqustun 1-dən fiziki şəxslərin ölkənin bank sisteminə qoyduğu 10%-dən artıq dərəcə üzrə depozitləri sığortalamır. Bununla belə, fond bir əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsini dəyişməyib, yəni 30 min manat səviyyəsində saxlayıb. 30 mindən artıq sərbəst vəsaitləri olanlar isə (məsələn, 60-90 min manat) bunu bir neçə hissəyə bölərək, müxtəlif banklarda yerləşdirə bilərlər...

Bunu ona görə qeyd edirik ki, 30 min manatdan artıq əmanətlər dövlət tərəfindən sığortalanmır. Adı çəkilən Fond yalnız göstərilən məbləğdə depozitlərin qaytarılmasına cavabdehdir ki, ölkədə bu və ya digər bank iflasa uğrayarsa, hər hansı vətəndaşın o bankda yerləşdirdiyi vəsaitin yalnız 30 min manatadək olan hissəsinin qaytarılma ehtimalı var.

Azərbaycanda bu gün fəaliyyət göstərməkdə olan 43 bankdan isə heç birinin bankrot olma ehtimalı yoxdur. Azərbaycan Mərkəzi Bankın (AMB) banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün verdiyi vaxtı 2015-ci ilə qədər uzatması da onların sayını azaltmaq istənilmədiyini göstərdi. AMB sədri E.Rüstəmov da deyib ki, dövlət bu yolla hər hansı bankı inzibati yolla bazardan çıxartmaq və qeyri-müəyyənliyə yol açmaq niyyətində deyil.

Ancaq yazımızın əvvəlinə qayıdırıq ki, istehlak qiymətlərinin bahalaşmaqda olduğu vaxtda əhalinin sərəncamında bundan sonra nə qədər vəsait qalacağını isə söyləmək çətindir. Onsuz da ölkə vətəndaşları xərclərinin çox hissəsini ərzaq məhsulları almağa sərf edir. 2013-cü ilin yanvar-noyabr ayları ərzində istehlak məqsədilə pərakəndə ticarət şəbəkəsindən istehlakçılara 17,2 milyard manatlıq və ya keçən ilin 11 ayı ilə müqayisədə 9,7 % çox əmtəə satılmışdır ki, istehlak mallarının düz 51,7 %-ini ərzaq və 48,3 %-ini qeyri-ərzaq malları təşkil edib.

Düzdür, qeyri-ərzaq məhsullarının xüsusi çəkisinin bu zaman 4% artdığı deyilir. Amma real bahalaşmadan sonra əhalinin gəlirlərinin daha çox hissəsinin ərzağa xərclənəcəyi şübhə doğurmur. Odur ki, gələn il əməkhaqqları və pensiyaların artıb, artırılmayacağı böyük maraq doğurur.

Əks halda, əhalinin sərəncamında qalan sərbəst vəsaitlərin həcmi növbəti ildə DSK-nin məlumatlarında indiyədək göstərilənlərdən xeyli az olacaq...


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti