Azərbaycanda illik inflyasiya 3%-ə çatıb

Azərbaycanda illik inflyasiya 3%-ə çatıb
  16 Aprel 2020    Oxunub:2400
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 3%, həmçinin ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,2%, qeyri-ərzaq məhsulları üzrə 1,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,4% artıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1%, ötən ilin mart ayına nisbətən 3,3% artıb. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,2%, ötən ilin mart ayına nisbətən isə 6% artıb.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım yumru düyünün, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının, azalma isə əsasən unun, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,2 %, ötən ilin mart ayına nisbətən 1,2 % artıb. Ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım nitro boyaların, divar kağızlarının, polietilen su borularının, kəsilmiş taxtaların, kərpicin, oturacaq və yumşaq mebel dəstlərinin, xalçaların, şirəsıxanların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyatorların, azalma isə əsasən elektrik plitələrin və fərdi kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməib.

Bu ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, illik müqayisədə isə 1,2 % artıb.

Azvision.az


Teqlər: DSK  





Xəbər lenti