Xəzər rayonunda yollar təmir edilir

Xəzər rayonunda yollar təmir edilir
  27 Aprel 2020    Oxunub:2495
Xəzər rayonunda ötən üç ayda 18 kilometr yol təmir edilib, daha 34,4 kilometr yolun isə təmiri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində paytaxtın Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı Sərəncama əsasən, AAYDA tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib. Sərəncama əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ilkin olaraq 3 milyon manat ayrılmışdı.

Agentlik tərəfindən Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kvadratmetrdən çoxdur. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Mərdəkan qəsəbəsi üzrə ümumi uzunluğu 1,2 kilometr olan Yesenin küçəsi 1-ci dalanda, Muxtar Hüseynov küçəsində və Baba Əliyev küçəsinin dalan və döngələrində, Qala qəsəbəsi üzrə ümumi uzunluğu 7,9 kilometr olan 323 N-li məktəbin yolunda, Qala kənd yolunda və “Çörək zavodu”nun yolunda, Şüvəlan qəsəbəsi üzrə uzunluğu 3,7 kilometr olan “Talışlar məhəlləsi” adlanan ərazinin yolunda, Binə qəsəbəsi üzrə ümumi uzunluğu 1,3 kilometr olan İ.Əhmədov (parkın ətraf ərazisi) və Babək küçələrində, Buzovna qəsəbəsi üzrə uzunluğu 1,3 kilometr olan Müslüm Maqomayev küçəsində, Türkan qəsəbəsi üzrə uzunluğu 1,7 kilometr olan “Üzümçülük sovxozu” adlanan ərazinin əsas küçəsində, Şağan qəsəbəsi üzrə isə uzunluğu 0,9 kilometr olan Nüsrət Məmmədov küçəsində yenidənqurma işləri həyata keçirilib. Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.

Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan daha 34,4 kilometr uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına başlanılıb. Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Binə qəsəbəsində 4,25 kilometr uzunluğa malik Hüseyn Cavid, Cəfər Cabbarlı, Nəsimi, Bünyadzadə və Babək küçələrində, həmçinin Hövsan Südçülük sovxozunun 5,22 kilometrlik, Atçılıq və Bolluq yaşayış məntəqələrinin 7,5 kilometrlik, Köhnə kənd və Donuzkökəltmə sovxoz ərazilərinin 5,15 kilometrlik yollarında, bundan başqa “Şuşa” şəhərciyinin 5,43 kilometrlik daxili yollarında, Türkan qəsəbəsində ümumi uzunluğu 4,5 kilomter olan Bağlar məscidinin yolunda və Poçt küçəsində, Zirə qəsəbəsində isə ümumi uzunluğu 2,05 5,43 kilometr olan Yeni sahə-1 və Zirə qəsəbəsinə gedən yollarda, həmçinin 0.3 5,43 kilometrlik Nadir Hüseynov küçəsində yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Artıq sözügedən layihə çərçivəsində Zirə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Qəsəbə ərazisində tədbirlər planına uyğun olaraq hazırda təmiri nəzərdə tutulmuş yollar boyu torpaq işləri həyata keçirilir. Növbəti mərhələ üzrə yaxın günlərdə asfaltlanma işlərinə başlanılacaq.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında əsaslı təmiri nəzərdə tutulan rayon üzrə adıçəkilən digər qəsəbələrin ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu il ərzində Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 5,43 kilometr uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti