“Vergi güzəştləri iqtisadiyatın inkişafı üçün geniş spektr açacaq” - Ekspert

 “Vergi güzəştləri iqtisadiyatın inkişafı üçün geniş spektr açacaq” -  Ekspert
  30 Aprel 2020    Oxunub:3722
“Digər ölkələrdə olduğu kimi, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərib. Kənardan müşahidə etdikdə tibb, əczaçılıq və qida sektorlarının pandemiyanın ilk aylarında mənfəətlə fəaliyyət göstərdiyi düşünülsə də, pandemiya bu sahələrə təsirsiz ötüşməyib”.
Bunu Azvision.az -a beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov deyib.

Ekspert hesab edir ki, bunun səbəbini insanların karantin günlərində evdə oturmağı və maliyə dövriyyəsinin azalması ilə izah etmək olar: “Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus pandemiyasının iqtisadiyyatımıza mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış işçi qrup çərçivəsində hökumət və qeyri-hökumət təşkilatları, qurumlar, sahibkarlar, Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə, eyni zamanda, müstəqil iqtisadçı-ekspertlərlə geniş müzakirə olunub.

Vergi güzəştləri və təkliflər paketi demək olar ki, tibb, əcazçılıq sahələri xaric bütün sahələri əhatə edir. Hətta bununla bağlı Vergi Məcəlləsinə yeni bir fəslin əlavə edilməsi planlaşdırılır. Pandemiyadan zərər çəkən sahibkarlıq fəaliyyəti növləri kimi ölkə ərazisində istər şəhərlərarası, istər rayonlararası sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlar, ictimai-iaşə fəaliyyətini həyata keçirən sahibkarlıq subyektləri, əyləncə, istirahət, kinoteatr, muzeylər, səhnə fəaliyyəti kimi bir sıra sahələri, bundan başqa, bütün növ tədris müəssisələri, o cümlədən məktəbəqədər tədris müəssisələri, uşaqların psixoloji və digər sahələr müəyyən edilib".



Onun sözlərinə görə, təqdim edilən qanun layihəsində pandemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri 2020-ci il üçün tamamilə azad edilir:

“Mənfəət vergisi üzrə 75% güzəşt müəyyən edilib. Bundan başqa, ölkə daxilində sərnişindaşıma fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslər, habelə ictimai-iaşə fəaliyyətini həyata keçirən subyektlər üçün sadələşmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün sadələşmiş verginin dərəcəsi 50% azaldılıb. Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən tamamilə azad olunması nəzərdə tutulur”.

Ekspert bildirib ki, pandemiyadan zərər çəkən subyektlər tərəfindən 2020-ci il ərzində 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələri təxirə salınıb:

“Ümumiyyətlə, 2020-ci il ərzində bütövlükdə cari vergi ödəmələri mənfəət vergi ödəyiciləri tərəfindən istər arayışların verilməsi, istəsə də ödəmələrin bilavasitə həyata keçirilməsi ləğv edilib. Bütün sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət vergisi bəyannamələrin təqdim edilməsi və mənfəət vergisi üzrə ödənişlərin edilməsi də 1 sentyabr 2020-ci ilə qədər təxirə salınıb. Ümumilikdə götürdükdə təklif olunan vergi güzəştləri ünvanlı şəkildə tətbiq edilərsə, istər vergi yükün azaldılması, istərsə də milli iqtisadiyatın inkişafı üçün geniş spektr açacaq”.

Azvision.az


Teqlər: Vergi   İqtisadiyyat  





Xəbər lenti