118 mindən çox sahibkar yardım üçün müraciət edib

 118 mindən çox sahibkar yardım üçün müraciət edib
  05 May 2020    Oxunub:3254
Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 4-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 25 min 633 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 92 min 553 fərdi (mikro) sahibkar, cəmi 118 min 186 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 191 min 306 işçini əhatə edən 21 min 472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86,36 milyon manat, o cümlədən birinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43,18 milyon manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 20 min 596 vergiödəyicisinə 186 min 883 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42,4 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 92 min 553 vergiödəyicisindən müraciət daxil olub, 83 min 870 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51,57 milyon manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 49,2 milyon manat vəsaitin 78 min 643 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (“www.e-taxes.gov.az”) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Azvision.az


Teqlər: Vergi   Yardım   Müraciət   Sahibkar  





Xəbər lenti