190 manat alanların yaş bölgüsü - Nazir açıqladı
Azvision.az -ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib. May ayı üzrə ödənişlə bağlı isə vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini alacaqlar. Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, ondan artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib".
Nazir bildirib ki, birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır: “Birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir. Həmçinin onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır”.
Azvision.az