Turizmlə bağlı 4 mərhələli bərpa proqramı hazırlanıb

 Turizmlə bağlı 4 mərhələli bərpa proqramı hazırlanıb
  06 May 2020    Oxunub:3283
"Azərbaycan Turizm Bürosu olaraq biz koronavirus pandemiyasının turizmə təsiri nəticəsində yaranmış situasiyadan daha güclü çıxmaq üçün 4 mərhələli bərpa proqramı hazırlamışıq, daxili turizmə diqqət və dəstəyi prioritet olaraq dəyərləndirmişik"
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hotel və mehmanxanalar, iaşə obyektləri, istirahət və əyləncə mərkəzləri, eləcə də digər turizm obyektləri artan tələbata tam şəkildə cavab verə biləcəklər.

“Bunu təmin etmək üçün tərəfimizdən müxtəlif layihələr həyata keçirilir. Bunlardan biri “Macəra Yaxındadır” kampaniyasıdır. Hansı ki daxili turizmi təbliğ etmək məqsədi ilə yaradılıb. Kampaniya çərçivəsində yerli turistlər turizm şirkətləri və hotellər tərəfindən təqdim olunmuş turizm zərflərindən yararlana biləcək. Turizm məkənlarımızın daxili turizmə tələbatı tam ödəyə biləcəyi üçün aidiyyatı tədbirlər görülür. Burada, özəl sektor ilə əməkdaşlıq və dialoq çox vacibdir. Biz turizm sənayesinin nümayəndələri ilə daimi əlaqədəyik. Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mütəmadi olaraq müxtəlif tərəfdaşlar ilə görüşlər keçirir, onların tələb və ehtiyacları barədə məlumat alırlar. Eyni zamanda, pandemiyadan zərər çəkmiş turizm sahəsində fəaliyyət göstərən biznes və sahibkarlara dövlət tərəfindən dəstəyin göstərilməsi barədə qərar qəbul olunub. Bu da yaranacaq tələbatın qarşılanmasına müsbət təsir göstərəcək”.

K.Quluzadə, həmçinin bildirib ki, yerli turistlərin Azərbaycanı tərk etmədən maraqlı və unudulmaz səyahət etməsi üçün tam şərait yaradılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Turizm  





Xəbər lenti