Turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlanıla bilər

Turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlanıla bilər
  12 May 2020    Oxunub:3758
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlamağı təklif edir.
Azvision.az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev 2015-ci ildə ölkə başcısının sərəncamı ili xüsusi icazələrin, yəni lisenziyaların ləğv edilməsinin həmin dövr üçün olduqca vacib qərar olduğunu vurğulayıb.

"Çünki turizm sənayenin formalaşmasına, yeni şirkətlərin yaradılmasına çox ciddi ehtiyac duyulurdu. Bu qərarın verilməsi özünü doğrultdu. Son 5 il ərzində Azərbaycanda kifayət qədər turizm şirkəti formalaşdı. Bu gün artıq onların sayı 4 mini ötüb. Təbii ki, kəmiyyət artımı ilə yanaşı, keyfiyyət artımına da şəraitin yaradılması vacib amildir".

R.Hacıyev bildirib ki, bu gün heç də bütün turizm şirkətləri tələb olunan keyfiyyət standartlarına cavab vermir.

"Bu da turizm sənayesi üçün çox ciddi problemlərə yol açır. Son dövrlərdə Assosiasiyaya turizm şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər şikayətlər daxil olurdu. Vətəndaşlar, turizm şirkətlərinin üzərinə götürdükləri öhdəliklər və xidmətləri yerinə yetirə bilmədikləri üçün narazılıqlar edirdilər. Bunun nəticəsində ölkədə yalnız həmin turizm şirkətləri ilə bağlı deyil, digər aparıcı turizm şirkətlərinin nüfuzu da ciddi zərbə görürdü və turizm şirkətlərinə qarşı böyük inamsızlıq yaranırdı".

R.Hacıyevin sözlərinə görə, artıq turizm şirkətləri yenidən lisenziyalaşma prossesinə keçid etməlidir ki, bu prosseslər müəyyən mənada tənzimlənsin.

"Qurumun əldə etdiyi məlumata görə, turizm haqqında qanunda da bununla bağlı müddəalar öz əksini tapıb. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq düşünürük ki, yaxın zamanlarda yenidən lisenziyalaşma prossesinə başlamağa, müəyyən keyfiyyət standartlarının tədbiqinə ehtiyac var. Hesab edirik ki, əgər ölkədə turizm agentliklərinin fəaliyyətində xidmət keyfiyyətlərini artırsaq, bu sahədə prosseslər müəyyən qədər tənzimlənəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Şirkət   Lisenziya  





Xəbər lenti