MİDA güzəştli mənzillərin satışına başlayır

  MİDA güzəştli mənzillərin satışına başlayır
  29 May 2020    Oxunub:4175
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı iyunun 30-u saat 11:00-da başlayacaq və iyulun 7-i saat 11:00-dək davam edəcək.
Bu barədə Azvision.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Bildirilib ki, mənzillərin satışı “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasına uyğun olaraq davam edəcək.

Azərbaycan Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bina Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28 fevral 2018-ci il tarixli 24956 nömrəli müsbət rəyi mövcuddur.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. Bu çərçivədə mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Qeyd edək ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

- Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” Çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

“Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Azvision.az


Teqlər: MİDA  





Xəbər lenti