“Qubad İbadoğlu təxribatlara cəhd göstərir” - Nazirlikdən cavab

  04 İyun 2020    Oxunub : 3848
“Qubad İbadoğlu təxribatlara cəhd göstərir” -  Nazirlikdən cavab
Son günlər Qubad İbadoğlu sosial şəbəkələrdə müxtəlif iqtisadi mövzulara özünəməxsus tərzdə “şərhlər” verməklə əslində ardıcıl təxribatlara cəhd göstərir. Onun bu cür paylaşımlarının arxasındakı təxribat niyyəti sosial şəbəkə istifadəçiləri tərəfindən aydın görünür, əksəriyyət də buna düzgün qiymət verir.
Azvision.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Q.İbadoğlu gah dövlətlərarası maliyyə inistutları olan AYİB və Asiya İnkişaf Bankı rəhbərlərinin təşəbbüsü ilə Azərbaycanın dövlət başçısı ilə keçirilən video-görüş barədə özünəməxsus əsassız fərziyyələr irəli sürür, gah da Maliyyə Nazirliyinin rəhbərliyinin Milli Məclisin səlahiyyətlərini mənimsəməsi barədə cəfəng fikirlər formalaşdırmağa çalışır:

"Onun məsələlərə yanaşmasında qərəz, manipulyasiya açıq-aydın görünür. Maliyyə Nazirliyi olaraq bildiririk ki, büdcə siyasəti ilə bağlı atılan hər bir addım, qəbul edilən bütün qərarlar ölkənin qanunlarına, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.

Bunu həmin qanunlara diqqət və səbrlə, obyektivlik və ədalət prinsiplərini göz önündə tutaraq baxmaqla görmək olar. Qubad İbadoğlu kimiləri isə qanunvericilik çərçivəsində həyata keçirilən tədbirlərə görə narahat olmaya bilərlər", -deyə M.Piriyev vurğulayıb.

Azvision.az

Teqlər: Maliyyə   Nazirlik