“Vəzifəmiz bütün layihələrə “hə” demək deyil” - Deputat

“Vəzifəmiz bütün layihələrə “hə” demək deyil” -  Deputat
  05 İyun 2020    Oxunub:3438
"Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü seçilməsi münasibətilə hər bir həmkarımı təbrik edirəm və onlara bu şərəfli işdə uğurlar arzulayıram. Hesab edirəm ki, korrupsiya ilə çarpaz nəzarət mexanizmi olmadan effektiv mübarizə aparmaq mümkün deyil. Bu komissiyanın tərkibində siyasi baxımdan tam fərqli düşüncəyə, yanaşmaya və ritorikaya malik həmkarlarımı görmək istərdim".
Azvision.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, korrupsiya və rüşvətxorluq hələ də ciddi bəla olaraq qalır: "Uzun müddətli məmur özbaşınalığı və rüşvətxorluğu nəticəsində problemlər yaranıb və onları həll etmək üçün illər lazımdır. Korrupsiya və rüşvətxorluq üçün kimlərsə çox ciddi məsuliyyət daşımalıdır. Konkret vəzifəli şəxslərin adları açıqlanmalı və onların məsuliyyət dairəsi cəmiyyətə deyilməlidir. Bu sahədə sizlərin üzərinə böyük məsuliyyət düşür. Bizim vəzifəmiz əl qaldırmaq, ancaq lehinə düyməsini basmaq deyil və göndərilən bütün layihələrə "hə" demək deyil. Bizim qəbul etməmək, etiraz etmək və qanunları geri qaytarmaq hüququmuz var. Vəzifəmiz dövlət, torpaq, bayraq və ordu üçün şərəflə ölməkdir. Vəzifəmiz dövlətin atributlarını qorumaqdır. Azərbaycanın Prezidenti və Birinci vitse-prezident ölkəmizin təmsilçiləri, atributlarıdır. Vəzifəmiz həm də dövlətçilik naminə onların adlarını uca tutmaqdır".

R.Nurullayev qeyd edib ki, razılaşmamaq, etiraz etmək və inanaraq fərqli fikir söyləmək özü bir dəyərdir:

"Siyahıda olan həmkarlarıma hörmətimi izhar etməklə bərabər bu tərkibdə fərqli siyasi düşüncə təmsilçisinin olmadığını əsas tutaraq əleyhinə səs verirəm. Həmkarlarım məndən inciməsinlər. Mən sadəcə əleyhinə səs verməklə sizlər, cəmiyyət, vətəndaşlar və hörmətli media nümayəndələri üçün mövqeyimi açıqlayıram".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Razi-Nurullayev   Deputat  





Xəbər lenti