Bağlanmış banklarda əmanəti olanların nəzərinə!

Bağlanmış banklarda əmanəti olanların nəzərinə!
  05 İyun 2020    Oxunub:3196
Lisenziyaları ləğv edilən “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə veriləcək.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Azvision.az -a bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 12 may tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü bu il aprelin 28-i müəyyən olunub.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib.

“AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək. Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

- iyunun 16-dan başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

- iyulun 15-dən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan çıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 16-dan etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ADIF-in “www.adif.az” saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları iyunun 10-dan ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc olunduğu gündən başlayaraq bir il ərzində qəbul edir.

Azvision.az


Teqlər: Bank   Müraciət  





Xəbər lenti