“Azərsu” xüsusi iş rejiminə keçdi

“Azərsu” xüsusi iş rejiminə keçdi
  05 İyun 2020    Oxunub:2537
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq “Azərsu” ASC iyunun 6-7-də xüsusi rejimdə fəaliyyət göstərəcək.
ASC-dən Azvision.az -a bildirilib ki, bu tarixlərdə yalnız zəruri istehsal, istismar və xidmət sahələrində çalışanların fəaliyyətinə icazə veriləcək. İşə cəlb olunacaq zəruri və məhdud sayda işçilər müəyyən edilərək elektron icazə portalında (www.icaze.e-gov.az) qeydiyyatdan keçirilib. Həmin işçilərə işə çıxarkən şəxsiyyəti təsdiq edən sənədi və işçi vəsiqələrini özləri ilə götürmələri barədə tapşırıq verilib. İyunun 6-7-də ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəzərə alınaraq fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi yalnız “Azərsu” ASC-nin xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək.

İstirahət günlərində “955” Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək. Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. “Azərsu” ASC-nin qəza briqadaları da 24 saat fəaliyyət göstərəcək.

Bununla yanaşı, ASC-nin tabeliyində olan bütün struktur vahidlərinin rəhbərləri və işçi heyəti xüsusi karantin rejimi dövründə müvafiq dövlət orqanlarının, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl etmələri barədə məlumatlandırılıb.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti